Feliks Braziliyada özünə komanda tapdı
15.12.2009 - 12:59
Feliks Braziliyada özünə komanda tapdı
“Bakı” klubunun sabiq futbolçusu Feliks Felipe Almeyda özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı braziliyalı hücumçu karyerasını vətənində davam etdirəcək.

Müqavilə ilə Nalçik “Spartak”ına məxsus olan və yayda bakılılara icarəyə verilən Felipe yeni ildən “Rio Branko”da oynayacaq. “Bakı”nın avrokubok oyunlarında 4 qol vurmaqla Azərbaycan rekorduna şərik olan, yeni baş məşqçi Bülənt Korkmaz tərəfindən klubdan qovulan ucaboy (1,95 sm) hücumçu heyətini yeniləyən Braziliya təmsilçisini gücləndirməlidir. Belə ki, C seriyasında liderlik edən “Rio Branko” Felikslə yanaşı, Marsio Karioka və Marsianonu da transfer etməklə, B seriyasına vəsiqə üçün mübarizəni sonadək davam etdirmək istəyir.

Qeyd edək ki, İspaniya yığmasının milliləşdirdiyi Markus Senna, Flavio Konseysao kimi ulduzlar da vaxtilə “Rio Branko”da çıxış edib.