AFFA Alan Şireri cəzalandırdı
15.12.2009 - 13:16
AFFA Alan Şireri cəzalandırdı
Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Güc Birliyi” – “Bayıl Rovers” matçı qırmızı vərəqlərlə zəngin olub. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, həvəskarlardan 4-ü qırmızı vərəqə aldığı üçün meydandan qovulub.

Assosiasiyanın İntizam Komitəsi həmin oyunçulara müvafiq cəzalar verib. Matçın 52-ci dəqiqəsində “Güc Birliyi” futbolçusu Zaur Əfəndiyev rəqibini vurduğuna görə meydandan qovulduğu üçün 2 oyunluq cəzalandırılıb. 87-ci dəqiqədə ikinci sarı vərəqə alan komanda yoldaşı Orxan Mərdanlı 1 oyunluq cəzaya layiq görülüb. Bu komandanın daha bir üzvü, 90+2-cı dəqiqəsində ikinci sarı vərəq alan Orxan Abdullayevin də cəzası 1 oyunluq olub.

Ölkəmizdə çalışan britaniyalılardan təşkil olunan “Bayıl Rovers”in heyətində isə Alan Şirer fərqlənib. İngiltərə futbolunun əfsanələrindən sayılan Alan Şirerin həm adaşı, həm də həmsoyadı olan bu həvəskar ikinci sarı vərəqə aldığı üçün 1 oyunluq kənarlaşdırılıb.

Qeyd edək ki, Şirer “Bayıl Rovers”də 8 nömrəli formanı geyir.