Meydançanın ortasında evlənmə təklifi - FOTO
15.12.2009 - 13:34
Meydançanın ortasında evlənmə təklifi - FOTO
Türkiyənin “Adanaspor” klubunun qapıçısı Tolqahan Acar qeyri-adi hərəkət edib. Apasport.az saytının məlumatına görə, futbolçu “Orduspor”la matçın ardından sevdiyi Burcu Altuntaşa evlənmə təklifini irəli sürüb.

Belə ki, final fiti səsləndikdən sonra Tolqahan komanda yoldaşları ilə şərəf tribunasının önünə gələrək, əlindəki mikrofonla sevdiyi qıza müraciət ünvanlayıb. Qapıçının təklifi müsbət cavablandırılıb. Onu ilk təbrik edənlər də elə “Adanaspor”un futbolçuları olub.

Acarın qeyri-adi hərəkəti Burcunu əməlli-başlı həyəcanlandırıb. O, sürpriz təklif barədə bunları deyib: “Təklif gözləyirdim, ancaq belə bir vaxtda, belə bir yerdə yox. Çox təəccübləndim. Hələ də həyəcandan titrəyirəm”.

Futbolçu özü isə qəflətən belə hərəkət etmək fikrinə düşdüyünü bildirib: “Burcu ilə uzun illərdir dostuq. Ailə qurmaq planımız var idi. Ağlıma bu təklifi meydançada etmək fikrii gəldi. Təklifimi qəbul etdiyi üçün Burcuya təşəkkürümü çatdırıram.”