Hansı futbolçu Azərbaycan yığmasından üz döndərəcək?
15.12.2009 - 15:41
Hansı futbolçu Azərbaycan yığmasından üz döndərəcək?
Rusiya Futbol Premyer Liqasının bu gün keçirilən iclasında legionerlərlə bağlı yeni qərar qəbul olunub. Apasport.az saytının məlumatına görə, neçə vaxtdır hansı oyunçuların legioner statusu daşıdığı ilə bağlı müzakirələr aparan ruslar yekun qərara gəlib.

Başqa ölkələrin yığmalarında oynayan, lakin Rusiya pasportuna malik futbolçuların çoxluğundan əziyyət çəkən şimallılar onların hamısına legioner “damğası” vurmaq haqda da düşünürdü. Yekun qərar isə bir az fərqli olub. Artıq 2010-cu ildən etibarən Rusiya pasportuna malik əcnəbilər legioner sayılmamaq üçün yazılı şəkildə öz milli komandalarında oynamaqdan imtina etməlidir. Əks halda, onlar əcnəbi kimi qeydiyyatdan keçəcək.

Qərar Premyer Liqa üçün qəbul olunduğundan Azərbaycanın aşağı yaş qruplarından olan yığmalarında çıxış etmiş Şamil Lahiyalova da şamil olunacaq. “Terek”də çıxış edən 30 yaşlı hücumçu legioner sayılmamaq üçün yazılı şəkildə millimizdən üz döndərməlidir. Hələlik aşağı dəstələrə aid olmayan bu yeniliyin birinci və ikinci divizionlara şamil olunması isə daha çox futbolçumuza təsir edə bilər. Belə olan halda, ikinci divizionda çıxış edən Azərbaycan milli komandalarının sabiq oyunçularının hamısı yığmamızdan imtina etmək məcburiyyətində qala bilər.

Bu dəstədə legionerlərin oynamasına qadağa olduğundan, həm Emin Ağayev, həm də milliləşən rus oyunçularımız klubsuz qalmamaq üçün rəsmi şəkildə Azərbaycan millisindən imtina etməlidir. Çoxdandır ki, yığmaya çağırılmayan 36 yaşlı Emin və digərlərindən fərqli, hazırda U-21-ə cəlb olunan Mixail Zaytsev ciddi problemlə üzləşmiş olar.