“Bu oyuncaqdır, yoxsa klubları ələ salırlar?”
15.12.2009 - 15:53
“Bu oyuncaqdır, yoxsa klubları ələ salırlar?”
“Olimpik-Şüvəlan” klubunun prezidenti Vaqif Qasımovun apasport.az saytına müsahibəsi

- Peşəkar Futbol Liqası milli komandanın oyunları ilə əlaqədar ölkə çempionatının təqvimində dəyişiklik edib. Qurumun bu qərarına münasibətiniz necədir?
- Belə olmaz! PFL-i nəyə görə yaradıblar? Mən bunu bilmək istəyirəm. Bir təqvimi mövsümün axırına qədər tətbiq edə bilmirlər. Təqvimi neçə dəfə dəyişmək olar? Başa düşmürəm, bu oyun-oyuncaqdır, yoxsa klubları ələ salırlar? Berti Foqts klubları barmağında fırlayır. Kefi istəyəndə təlim-məşq toplanışı keçirir, klublar da hamısı ona tabe olmalıdır. Belə futbol olar? Onda çempionatı dayandırsınlar, hamı milli komanda ilə məşğul olsun. Niyə biz bütün dünyada mövcud olan qaydalarla getmirik? Foqts bunu Almaniyada edə bilərdi?

- Təqvimin dəyişməsi “Olimpik-Şüvəlan”ın planlarına necə təsir edib?
- Əlbəttə, mənfi. Plana əsasən, Türkiyədə təlim-məşq toplanışı keçib, fevralın 1-də geri dönməli idik. Qalan 1 həftə burada uyğunlaşma prosesinə sərf ediləcəkdi. Bütün plan alt-üst oldu. Fasilə yarandıqdan sonra futbolçulara 15-20 gün istirahət vermək lazımdır. Legionerlərdən biri Braziliyaya gedir, biri Nigeriyaya gedir... Ancaq istirahət, transfer məsələsi və hazırlıq üçün bizə cəmi 1 ay vaxt ayrılıb. Alınmır. Vallah, belə futbol olmaz!

- Avropa ölkələrinin əksəriyyətində də fasilə az olur. Yəni, Premyer Liqada qışda yaranacaq 36 günlük fasilə beynəlxalq təcrübə ilə üst-üstə düşür.
- Bu praktikanı yavaş-yavaş tətbiq etmək lazımdır da. Ötən il Azərbaycan çempionatında təxminən 70 gün istirahət olub. İndi bu müddət 1 aya endirilib. Futbolçuları da başa düşmək lazımdır. Avropanın aparıcı ölkələrinin çempionatlarında il ərzində 60-75 oyun keçirilir. Bizdə isə 32 oyun təşkil edilir, heç bunun təqvimini də qura bilmirik.

- AFFA və ya PFL-ə yazılı müraciət etmək fikriniz varmı?
- Kimdir qulaq asan? PFL mənə əmr verir, qurtardı-getdi. Onun əmri mənim üçün qanundur da. Ümumiyyətlə, PFL nəyə lazımdır?

- Ola bilərmi ki, narazılığınızın məntiqi davamı kimi, “Olimpik-Şüvəlan” Premyer Liqada oynamaqdan imtina etsin?
- Yox, qətiyyən.

- Bəs çıxış yolunu nədə görürsünüz?
- Tabe olmalıyıq da. “Ağa deyir sür dərəyə”... Burda ayrı söhbət ola bilməz axı. Bir məsələni də qeyd edim. XIV turda “Xəzər-Lənkəran”la qarşılaşmada rəqib komandanın üzvü topsuz epizodda oyunçumuzu bilərəkdən vurur, bunu gizlədirlər, heç yerdə göstərməyə qoymurlar. Deməli, hansı epizod münasibdirsə, onu AzTV-də efirə verirlər, hansı məqsədəuyğun deyilsə, göstərmirlər.

- Teleyayım məsələsində konkret nədən narazısınız?
- Teleyayım hüququnu əlimizdən alıblar. Həmin hüququ istədikləri teleşirkətə satırlar. Bu düzgün deyil, qanunsuzdur. Əgər ev sahibi mənəmsə, AFFA, yaxud PFL yayım hüququnu nəyə görə məndən almalıdır?