Şahin Diniyev Sibirə gedir
15.12.2009 - 17:32
Şahin Diniyev Sibirə gedir
Bu gün Rusiya Premyer Liqasında yeni mövsümün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Şahin Diniyevin baş məşqçisi olduğu Qroznının “Terek” klubu sıralamada 13-cü çıxıb. Bu isə o deməkdir ki, “Terek” ilk turda “Sibir” klubunun qonağı olacaq.

Novosibirsk şəhərini təmsil edən komanda Rusiya Premyer Liqasının debütantıdır. “Sibir” ötən mövsüm birinci divizionda 2-ci yerin sahibi kimi güclülər dəstəsində çıxış etmək hüququ qazanıb. İlk turda, həmçinin MOİK - “Amkar”, “Anji” - “Spartak” (Nalçik), “Moskva” - “Saturn”, “Rostov” - “Tom”, “Rubin” - “Lokomotiv”, “Krılya Sovetov” - “Zenit”, “Spartak” - “Dinamo” oyunları da keçiriləcək. Mövsümə məhz bu cütlüklərlə yekun vurulacaq. Yeganə fərq isə meydan sahibləri ilə bağlı olacaq. Yəni, mövsümün sonunda “Terek” ev sahib qismində mübarizə aparacaq.

Qeyd edək ki, Rusiya Premyer Liqasının növbəti mövsümü 2010-cu il martın 12-də start götürəcək və noyabrın 29-da başa çatacaq. XI turdan sonra dünya çempionatının final mərhələsi ilə əlaqədar Premyer Liqada 7 həftəyə yaxın fasilə yaranacaq. 2011-ci ildən isə Rusiyada çempionat ilk dəfə “payız-yaz” sistemi ilə keçiriləcək. Premyer Liqa klubları artıq buna razılıqlarını veriblər.