“Qalatasaray”ın sabiq futbolçusu: Bakıya, yoxsa İrəvana?
16.12.2009 - 11:19
“Qalatasaray”ın sabiq futbolçusu:  Bakıya, yoxsa İrəvana?
Bolqarıstanın “Montana” klubunun sabiq baş məşqçisi Stevitsa Kuzmanovski Azərbaycanla Ermənistanla arasında seçim etməlidir. Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl ölkəmizdən təklif aldığını açıqlayan 47 yaşlı makedoniyalı mütəxəssis artıq Ermənistana yollanıb.

Bu ölkənin “Banants” klubu ilə danışıqlar aparan Kuzmanovskinin Bakı “İnter”ini çalışdırmaq variantı da var. Bunu iddia edən Ermənistan mənbələri neçə həftədir makedoniyalının dalınca düşən “Banants” rəhbərliyinin danışıqlarda istəyinə çatmaq üzrə olduğunu düşünür. Onların fikrincə, mütəxəssisi əldən buraxmaq istəməyən klub yaxın günlərdə onunla müqavilə bağlayacaq.

Qeyd edək ki, futbolçu kimi Yuqoslaviyanın “Pelister”, “Partizan”, OFK, “Rad” klublarında, həmçinin bu ölkənin U-19 və U-21-də çıxış edən Kuzmanovski Türkiyədə legioner həyatı da yaşayıb. “Qalatasaray”, “Əskişəhərspor”, “Antalyaspor”, “Kocaelispor” klublarında oynayan makedoniyalı məşqçiliyə 9 il əvvəl başlayıb. “Montana”yadək Serbiyanın OFK, Bolqarıstanın “Belasitsa” və “Slaviya” klublarını da çalışdırıb.
Mənbə: extratime.az