Şahin Diniyev: Şamil Lahiyalovun yığmamızda oynamaq fikri var idi...
16.12.2009 - 13:47
Şahin Diniyev: Şamil Lahiyalovun yığmamızda oynamaq fikri var idi...
“Rusiya Premyer Liqasında legionerlərlə bağlı yeni qərarın futbolçularımızın orada oynamaq perspektivinə ciddi təsir etməməlidir. Çünki indiki reallığı nəzərə alsaq, futbolumuz elə yüksək səviyyədə deyil ki, həmin qərar bizə maneçilik törətsin, yaxud kömək olsun”. Bu fikirləri apasport.az saytına açıqlamasında Qroznının “Terek” klubunun məşqçisi Şahin Diniyev deyib.

Rusiya Premyer Liqasında gələn ildən bu ölkənin pasportuna malik əcnəbilər legioner sayılmamaq üçün yazılı şəkildə öz milli komandalarında oynamaqdan imtina etməlidir. Əks halda, onlar əcnəbi kimi qeydiyyatdan keçəcək. Artıq Premyer Liqa iştirakçısı olan Diniyev yeni qərarla bağlı narahatçılığa əsas görmür: “Bu, klubun gücünə, imkanlarına baxır. Elə komandalar var ki, legionerləri çoxdur, eləsi də var az. Biz daha çox yerli futbolçulara, öz yetirmələrimizə güvənirik. Yeni qərardan sonra klublar legioner məsələsinə daha həssaslıqla yanaşacaq, daha səviyyəli əcnəbilər transfer etməyə çalışacaq. Əslində, bu, süni yaradılan məsələdir. Yəni Rusiya vətəndaşı olan futbolçu necə başqa yığmada oynaya bilər?”

43 yaşlı çalışdırıcının “Terek”də sərəncamında olan futbolçulardan yaxşı tanıdığı Şamil Lahiyalov aşağı yaş qruplardan ibarət yığmamızda rəhbərliyi altında oynayıb. Ancaq Diniyevin fikrincə, Lahiyalovda seçimlə bağlı problem olmayacaq: “Bizdə belaruslu müdafiəçi Sergey Omelyançuk var ki, milli komandasının üzvüdür. Yəni belə futbolçular yığma, yaxud klub baxımından seçim etməli olacaq. Lahiyalov isə Azərbaycanın əsas, yaxud 21 yaşlılardan ibarət yığmasında oynamayıb ki, imtina etsin? Onun daha aşağı yaş qruplardan ibarət yığmada oynaması nəzərə alınmır. Çünki FİFA-nın qaydalarına görə, ilk növbədə əsas və 21 yaşlılardan ibarət yığma götürülür. Şamil isə bunların heç birində oynamadığı üçün seçimlə bağlı problemi olmayacaq. Bir də ki o, artıq 30 yaşı haqlayıb. Belində zədəsi vardı, soyuq olan kimi ağrılar hiss olunurdu. 30 yaşda, üstəlik xroniki zədə ilə iki cəbhədə oynamaq çətindir. Ancaq zədəsi olmasaydı, yığmamızda oynamaq fikri var idi. Təbii ki, bunun üçün hücumçuya dəvət gəlməlidir. Əgər dəvət alarsa, qərarı özü verəcək”.

Qeyd edək ki, Rusiya Premyer Liqasında legionerlərə qoyulan limit “6+5”dir.