FİFA azərbaycanlı hakimlərə beynəlxalq dərəcə verdi
16.12.2009 - 14:48
FİFA azərbaycanlı hakimlərə beynəlxalq dərəcə verdi
FİFA 2010-cu il üçün azərbaycanlı beynəlxalq dərəcəli hakimləri təsdiqləyib. Apasport.az-n AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, bu gün assosiasiyanın inzibati binasında gələn il üçün FİFA referisi kimi təsdiq olunmuş hakimlərə xüsusi döş nişanlarının və emblemlərin təqdimetmə mərasimi keçirilib. AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun iştirak etdiyi tədbirdə çıxış edən baş katib Elxan Məmmədov hakimlərə həm ölkə daxili, həm də beynəlxalq oyunlarda uğurlar arzulayıb. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

AFFA-nın gələn il üçün FİFA-ya göndərdiyi siyahıda yer alan 15 beynəlxalq dərəcəli hakimin hamısının adı təsdiqlənib. Bunlar FİFA referiləri Fariz Yusifov, Vüsal Əliyev, Anar Salmanov, FİFA hakim-köməkçiləri Elman Musayev, Mehman Mahmudov, Mübariz Haşımov, Orxan Məmmədov, Samir Hacıyev, Vaqif Musayev, futzal üzrə FİFA referiləri Elçin Səmədli, Elçin Məmmədov, çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev, qadın FİFA referiləri Venera Kahriç-Muradova, Ülviyyə Mustafayeva və Maya Nəbiyevadır. Siyahıda debütantlar Salmanov, Haşımov, Hacıyev, Musayevdir. AFFA-nın bu ilin martında hakimlikdən kənarlaşdırdıqlarından Babək Quliyev böyük futbol, Anar Niyazov isə futzalda FİFA referisi idi. FİFA-nın təsdiqləməsindən sonra Quliyevlə Niyazovdan həmin dərəcələrin əlindən alınması rəsmiləşib.
0