“O klublar beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edə bilməyəcəklər”
16.12.2009 - 15:23
“O klublar beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edə bilməyəcəklər”
“AFFA futbolun inkişafı üçün hər şeyi edir. Həm çempionatın keçirilməsinə, həm də hakimlərin oyunları idarə etməsinə diqqətlə yanaşır. Əgər Azərbaycanda həqiqi mənada futbolun inkişafını istəyiriksə, nöqsanlar aradan qaldırılmalıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) I vitse-prezidenti, millət vəkili Rauf Əliyev deyib.

O bildirib ki, hakimlərin peşəkarlığının artırılması üçün ildə iki dəfə seminarlar keçirilir: “Hansı komandaların oyununu idarə etməsindən asılı olmayaraq, hakimlər ədalətli olmalıdırlar. Bu gün heç kim futbolda polis nəzarəti tətbiq edə bilməz”.

Əliyev hər hansısa iki komandanın öz arasında və ya hakimlə oyunun nəticəsini razılaşdırılması halını pisləyib: “AFFA-nın prezidenti tərəfindən bu məsələni daim nəzarətdə saxlamaq üçün xüsusi komissiya yaradılıb. Onlar elə adamlardır ki, qərar qəbul etmələrinə heç bir təsir göstərmək mümkün deyil. Oyunların ədalətli idarə edilməsi daha çox klublardan və hakimlərin özlərindən asılıdr”.

AFFA-nın bu cür faktları vaxtaşırı aşkarlamasına gəlincə, I vitse-prezident deyib ki, danışıqlar olursa belə, bunu təsdiq etmək lazımdır: “Əgər biz hər hansı iki komandanın oyunun nəticəsi ilə bağlı danışıqlar apardığını iddia etsək, bu, bizim tərəfimizdən şər atılması kimi qəbul oluna bilər. Futbolumuzun inkişafının istəyiriksə, daxilən bunu arzulamalıyıq və buna hazır olmalıyıq. Əks təqdirdə, danışılan oyunlar bizim güclü komandaların irəliləməsinə mane olacaq və onlar beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edə bilməyəcəklər".

Mənbə: “Trend” agentliyi
0