“Bakı”dan qovulan futbolçu yığmada qol vurdu
16.12.2009 - 16:03
“Bakı”dan qovulan futbolçu yığmada qol vurdu
“Bakı” klubunun sabiq futbolçusu Georgi Xristov Makedoniya milli komandasında debüt edib. Apasport.az saytının məlumatına görə, yığmasının tarixinə ən məhsuldar oyunçulardan biri kimi düşən 33 yaşlı hücumçu özünü başqa idman növündə sınamaq qərarına gəlib.

Makedoniyanın futzal üzrə milli komandasına cəlb olunan Xristovun buradakı debütü uğurlu, eyni zamanda biabırçı alınıb. Düzdür, Georginin komandası öz meydanında oynadığı yoldaşlıq oyununda darmadağın olub. Lakin Serbiyaya 1:6 hesabı ilə uduzan Makedoniyanın yeganə qolunu məhz “Bakı”nın sabiq futbolçusu vurub. Xristov 28-ci dəqiqədə hesab 0:5 olarkən yerli azarkeşlərə təsəlli verən qola imza atıb.

Qeyd edək ki, 2008-ci ilin yayında “Bakı”ya transfer olunan Xristov bu komandada 6 çempionat (370 dəqiqə) və 2 kubok (77 dəqiqə) qarşılaşmasında meydana çıxıb cəmi 2 qol vurmuşdu. Hər iki halda ölkə kubokunda fərqlənən hücumçu təxminən bir il əvvəl vətəninə yola salınmışdı.
0