Öküz ilindən pələng ilinə: Berti Foqts ikinci oldu
16.12.2009 - 16:49
Öküz ilindən pələng ilinə: Berti Foqts ikinci oldu
2009-cu il FİFA-nın reytinq cədvəlində Azərbaycan yığması üçün uğurlu alınıb. Apasport.az saytının hesablamalarına görə, öküz ilinə 134-cü pillədə qədəm qoyan mili komandamız ili 114-cü yerdə başa vurur. Berti Foqtsun çalışdırdığı kollektiv arxada qalan 12 ayda ümumilikdə 20 pillə irəliləyib. Ancaq bunu milli komandamızın tarixində rekord saymaq olmaz. Hər halda, 11 il öncə 25 pillə irəliləyən yığmamız ilk dəfə “yüzlüy”ü tərk etmişdi.

Foqtsun komandasında böyük irəliləyiş son iki ay yarımda müşahidə olunub. Bu müddətdə yığmamız Lixtenşteyn və Çexiya üzərində qələbə qazanıb, Rusiya ilə heç-heçə oynayıb. Nəticədə milli komandamız oktyabrdan dekabradək 139-cu pillədən 114-cü sıraya qalxıb.

Halbuki, almaniyalı mütəxəssis ötən ilin aprelində baş məşqçi təyin olunduğu zaman yığmamız 137-ci yerdə idi. Göründüyü kimi, Foqts 20 ayda milli komandamızın ümumilikdə 23 pillə irəliləməsinə yardım göstərib. O, rekordu təkrarlaya bilməsə də, ikinci ən uğurlu nəticəyə imza atıb.

Maraqlıdır, görəsən üzümüzə gələn pələng ilində milli komandamızın FİFA-nın reytinq cədvəlində mövqeyi necə dəyişəcək? Bu suala 2012-ci il Avropa çempionatının seçmə mərhələ oyunları və yoldaşlıq görüşlərinin nəticələrindən sonra cavab vermək mümkün olacaq.

Xatırladaq ki, Azərbaycan yığmasının tarixi 1992-ci il sentyabrın 17-də Gürcüstanla səfərdə keçirilən yoldaşlıq görüşündən başlasa da, FİFA-nın reytinqində 1994-cü ilin iyunundan etibarən yer alırıq. Bu, AFFA-nın FİFA və UEFA-ya həmin vaxt üzv olması ilə bağlıdır. Reytinqə 170-ci pillədə başlayan milli komandamızın ən yüksək mövqeyi 97-ci yer olub.

Milli komandamızın bu il FİFA-dakı reytinqləri

Yanvar - 134-cü pillə
Fevral - 136
Mart - 134
Aprel - 140
May - 142
İyun - 140
İyul - 139
Avqust - 137
Sentyabr - 139
Oktyabr - 125
Noyabr - 116
Dekabr - 114

Milli komandamızın FİFA-nın reytinq siyahısında ilin ilk və son yerləri

1995-ci il: yanvar - 148, dekabr - 141 (-7)
1996-cı il: yanvar - 141, dekabr - 125 (+16)
1997-ci il: yanvar - 125, dekabr - 123 (+2)
1998-ci il: yanvar - 124, dekabr - 99 (+25)
1999-cu il: yanvar - 101, dekabr - 97 (+4)
2000-ci il: yanvar - 97, dekabr - 115 (-18)
2001-ci il: yanvar - 115, dekabr - 113 (-2)
2002-ci il: yanvar - 113, dekabr - 113 (0)
2003-cü il: yanvar - 116, dekabr - 119 (-3)
2004-cü il: yanvar - 114, dekabr - 113 (-1)
2005-ci il: yanvar - 115, dekabr - 114 (-1)
2006-cı il: yanvar - 114, dekabr - 125 (-11)
2007-ci il: yanvar - 127, dekabr - 115 (-12)
2008-ci il: yanvar - 116, dekabr - 134 (-18)
2009-cu il: yanvar - 134, dekabr - 114 (+20)
0