Anar Salmanov Babək Quliyevin yolu ilə gedir
16.12.2009 - 17:57
Anar Salmanov Babək Quliyevin yolu ilə gedir
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) azərbaycanlı hakim Anar Salmanovu tarixə saldı. Apasport.az saytının hesablamalarına görə, 29 yaşlı referi futbolda FİFA referisi dərəcəsini alan ən gənc hakimimiz oldu.

Bununla ölkə futbolunda, hakimlik tarixində yeni rekord müəyyənləşdirən Anar FİFA referisi kimi əvəzlədiyi Babək Quliyevin göstəricisini yaxşılaşdırdı. Belə ki, Quliyev beynəlxalq dərəcəni 30 yaşını yeni haqlayanda almaqla, rekord müəyyənləşdirmişdi. Hər halda, 9 aydır cəzalı olan hakimin digər rekordu, yəni 28 yaşında futzalda FİFA referisi dərəcəsini alması qüvvədə qalır.

Fasilələrlə hakimlik edən Salmanov 2004/05 mövsümünün son turunda “Gəncə” – “Xəzər-Lənkəran” (0:1) görüşündən sonra bu sahədən kənarlaşdırılıb və iki il əvvəl yenidən hakimliyə qayıdıb. Artıq daxilli yarışlarda əsas oyunlara təyinat alan Anar gələn il beynəlxalq miqyasda debüt edəcək. Bu gün AFFA Salmanovla bərabər adları təsdiqlənən bütün beynəlxalq dərəcəli hakimlərə xüsusi döş nişanları və emblemləri təqdim edib.

Qeyd edək ki, yan xətt hakimi Orxan Məmmədov ötən qış FİFA-nın sayəsində tarixə düşdü. Belə ki, 1985-ci il təvəllüdlü Orxan beynəlxalq dərəcəni alan ən gənc futbol hakimimiz oldu. 23 yaşında buna nail olan FİFA hakim-köməkçisinin adı ardıcıl ikinci il təsdiqlənib.
0