“Neftçi” 19 dəqiqəyə darmadağın oldu
16.12.2009 - 18:24
“Neftçi” 19 dəqiqəyə darmadağın oldu
Unibank Premyer Liqasında mübarizə aparan komandaların əvəzedici heyətləri arasında Azərbaycan çempionatında XII turdan təxirə salınmış oyun keçirilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, “Neftçi” və “Olimpik-Şüvəlan” arasındakı matçda qonaqlar böyük hesablı qələbə qazanıb.

Üç cavabsız qolla qalib gələn “təyyarəçilər”in qələbəsinin memarı Nikolay Kozaçuk Azərbaycan karyerasında ilk het-trikini rəsmiləşdirib. 24 yaşlı latviyalı legioner 58, 75 və 77-ci dəqiqələrdəki qolları ilə ölkə çempionunun uğursuz seriyasına növbəti təkan verib.

Bu ilin yayında “Olimpik-Şüvəlan”a transfer olunan Kozaçuk əsas komandada 8 çempionat və 1 kubok oyununda meydana çıxsa da, qol vura bilməyib. Latviyalının “Neftçi” ilə görüşədək yeganə uğuru da əvəzedicilərin çempionatında olmuşdu. O “Bakı” ilə 3 ay əvvəlki qarşılaşmada da qol sevinci yaşayıb.

Xatırladaq ki, çempionata ardıcıl 9 qələbə ilə başlayan “Neftçi” son 5 matçda cəmi 1 xal qazanıb.
0