“Barselona” misli görünməmiş uğurun bir addımlığında
17.12.2009 - 10:13
“Barselona” misli görünməmiş uğurun bir addımlığında
Klublararası dünya çempionatında ikinci finalçısının adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən yarımfinalda İspaniyanın “Barselona” komandası Meksika “Atlante”sini üstələyib. Şimali amerikalılar rəqibə cəmi bir hissə müqavimət göstəriblər. Görüşün taleyini isə Lionel Messinin meydana daxil olması həll edib. Topa ilk toxunuşu ilə “Barselona”nı hesabda irəli çıxaran istedadlı yarımmüdafiəçi komandasının 3:1 hesablı qələbəsində böyük pay sahibi olub.

Turnirdə final görüşü dekabrın 19-da baş tutacaq. Həmin gün Bakı vaxtı ilə saat 20:00-da “Barselona” Argentinanın “Estusiantes” klubu üz-üzə gələcək. Bundan 3 saat əvvəl isə 3-cü yer uğrunda “Atlante” (Meksika) - “Pohan Stilers” (Cənubi Koreya) matçı start götürəcək.

Qeyd edək ki, “Barselona” Əbu-Dabidən qalib qayıdacağı halda, tarixə düşəcək. Məsələ burasındadır ki, klublararası dünya çempionu titulu Kataloniya təmsilçisinin cari mövsümdə 6-cı mükafatı ola bilər. İndiyədək heç bir komanda belə nailiyyətə imza atmağı bacarmayıb.

Klublararası dünya çempionatı, yarımfinal

“Atlante” - “Barselona” - 1:3

Roxas, 3 - Buskets, 35, Messi, 55, Pedro, 67
0