1 ildə 6 turnirdə qol vuran futbolçu kimdir?
17.12.2009 - 11:25
1 ildə 6 turnirdə qol vuran futbolçu kimdir?
“Barselona”nın futbolçusu Pedro Rodriges dünya rekordu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu dünya futbol tarixində bir ildə 6 turnirdə qol vuran ilk oyunçu olub.

Katalonların bu il qazandığı 5 titulda rəqib qapısına yol tapan Pedronun ayağı düşərlidir. İspaniya çempionluğunu, kubokunu, Superkubokunu, Çempionlar Liqasını qazanan “Barsa” UEFA Superkuboku uğrunda oyunda Ukraynanın “Şaxtyor” klubunu məhz sonradan meydana çıxan Rodrigesin vurduğu yeganə qol sayəsində məğlub etdi.

Klublararası dünya çempionatında da öz sözünü deyən Pedro Meksikanın “Atlante” klubu ilə yarımfinal görüşündə (3:1) son nöqtəni qoymaqla, yenidən qolçuluq bacarığını göstərdi. Maraqlıdır ki, “Barselona”nın heyətində Lionel Messidən başlayaraq, nə qədər ulduz futbolçu olsa da, heç biri 6 turnirin hamısında qol vura bilməyib.

Komandanın liderlərindən olan Xavi Ernandes da dünya çempionatında rekord müəyyənləşdirdi. Bu, 29 yaşlı yarımmüdafiəçinin “Atlante” ilə görüşdə komandasının formasında 500-cü dəfə meydana çıxmasıdır. Xavi 1998-ci ildən debüt etdiyi “Barsa”da 49 qol vurub. Vitse-kapitana oyun sayında mütləq rekorda imza atmaq üçün daha 49 oyun keçirmək lazımdır. “Barsa”nın bu baxımdan rekordçusu 548 oyun keçirən Miqueldir.
0