“Xocalı faciəsinə görə həmin oyunun tarixi dəyişdiriləcək”
17.12.2009 - 12:47
“Xocalı faciəsinə görə həmin oyunun tarixi dəyişdiriləcək”
“Biz yoldaşlıq görüşü keçirmək üçün İordaniya Futbol Federasiyasının rəsmiləri ilə danışıqlar aparırıq. İordaniyalılarla Dubay şəhərində oynamağımız mümkündür”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

İordaniya Futbol Assosiasiyası 2010-cu il fevralın 26-da yoldaşlıq matçı təşkil etmək məqsədilə AFFA-ya müraciət edib. Asiya təmsilçisindən təklif aldıqlarını təsdiqləyən Məmmədov danışıqların hələ də başa çatmadığını söyləyib: “İordaniyalılara konkret cavab verməmişik. Çox güman ki, fevralın 23-də yığmanın təxminən 10 günlük təlim-məşq toplanışı start götürəcək. Hazırlıq prosesinin xaricdə olub-olmayacağı yaxın günlərdə bilinəcək. Milli komandamız təlim-məşq toplanışı çərçivəsində ən azı 1 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Fevralın 26-da isə oynamayacağımız isə dəqiqdir. Çünki həmin gün Xocalı faciəsinin növbəti ildönümü olacaq. Buna görə də qarşılaşmanın tarixi dəyişdiriləcək”.

AFFA rəsmisi vurğulayıb ki, yığmamızın futbolçuları FİFA-nın yoldaşlıq görüşləri üçün ayırdığı 3 martda da iş başında ola bilər: “Martın 3-də də oynamağa rəqib axtarırıq. Yəqin ki, bu, Avropa təmsilçi olacaq. Sadəcə, danışıqlar prosesi yekunlaşmadığından, konkret nəsə demək mümkün deyil. Bir komandadan cavab gözləyirik, digərinə məktub yollamalıyıq və s. O ki qaldı yoldaşlıq görüşlərinin FİFA-nın reytinq cədvəlində nəzərə alınıb-alınmayacağına, hər şey ev sahibi qismində çıxış edəcək komandadan asılıdır. Əgər ev sahibi FİFA-nı həmin oyun barədə məlumatlandırarsa və bununla bağlı xəbər qurumun rəsmi saytında dərc olunarsa, matçın nəticəsi reytinq cədvəlində nəzərə alınır”.