“Neftçi” klubunda 20 dəqiqəlik iclas
17.12.2009 - 16:47
“Neftçi” klubunda 20 dəqiqəlik iclas
Bu gün “Neftçi”də klubdaxili iclas keçirilib. Apasport.az saytının məlumatına görə, komandanın bazasında təşkil olunan toplantıda əsas müzakirə obyekti son vaxtlar dördqat ölkə çempionunun adı ətrafında gəzən xoşagəlməz hadisələr olub.

Yığıncağa klub prezidenti Əkbər Hacıyev sədrlik edib. 20 dəqiqəyədək çəkən iclasda ancaq Hacıyevin özü danışıb. Çıxışında ciddi iradlar səsləndirən klub prezidenti futbolçulara sərt xəbərdarlıq edib. O komandanın adına layiq çıxış etmədiyini vurğulamaqla yanaşı, axır zamanlar “Neftçi”nin zəif oynadığını söyləyib. Prezidentin fikrincə, məhz komandanın zəif çıxışı üzündən söz-söhbətlər yaranır.

Hacıyev ardından kollektivə daha sərt xəbərdarlıq edib: “Sizin komandaya münasibətiniz necə olacaqsa, mənim də sizə münasibət elə olacaq”.

Qeyd edək ki, hazırda 7-ci pillədə qərarlaşan “Neftçi” axırıncı iki ev oyununda 4 xal itirib. Flaqman Premyer Liqanın II dövrəsində yeganə qələbəsini dekabrın 5-də Tovuzda “Turan”la qalmaqallı oyunda qazanıb (3:2).
0