Ermənistan yığmasının futbolçusu lipa imiş
17.12.2009 - 17:07
Ermənistan yığmasının futbolçusu lipa imiş
Ermənistan milli komandasının futbolçusu Apula Edel Bete “lipa” çıxıb. Apasport.az saytının məlumatına görə, milliləşərək yığmaya cəlb edilən PSJ klubunun kamerunlu qapıçısı Fransa çempionatında başqa ad altında sifariş olunub. Bunu bəyan edən fransalı məşqçi Nikolya Filiber Kamerunda işlədiyi dövrdən tanıdığı futbolçunun fırıldaqlarının üstünü açıb. Filiberin sözlərinə görə, PSJ-nin tanınmış qapıçısı Qreqori Kupenin zədəli olduğu son 4 oyunda “çərçivə”də yer alan kamerunlu yaşını da azaldıb: “Ötən mövsüm Ermənistanın “Pünik” klubunda oynayan Betenin əsl adı Ambruaz Beyamenadır. 2000-ci ildə onun 19 yaşı vardı. Deməli, indi 28 yaşı olmalıdır”.

Fransa yüksək liqası üçün təqdim olunan iştirak ərizəsində isə Betenin 1986-cı il iyunun 17-də anadan olması göstərilib. Göründüyü kimi, fransalı məşqçinin dediklərinə inansaq, qapıçı təvəllüdünü 5 il saxtalaşdırıb.

Filiber kamerunlunun paxırının üstünə açmaqda məqsədi bir növ ondan qisas almaqdır. Məsələ ondadır ki, məşqçidən 30 min avro alan Apol borcunu qaytarmaqdan imtina edib. Hətta Ermənistan yığmasının üzvünü ifşa olunacağı ilə bağlı hədə-qorxu da problemin həllinə kömək olmayıb. Bu məsələdə vasitəçi olan tanınmış fransalı məşqçi Mişel İdalqo Filiberin yoldaşıdır.

O, afrikalının saxtakarlığı haqda PSJ-nin son turda rəqibi olan “Sent-Etyen” klubuna xəbər çatdırıb. “Sent-Etyen” 0:3 hesabı ilə uduzduğu oyuna 45 dəqiqə qalmış şikayət etmək hüquqlarının olduğunu bəyan edib. Bundan narazı olan PSJ-nin prezidenti Roben Lepru kamerunlu legionerinin müdafiəsinə qalxıb. O, rəhbərlik etdiyi klubun futbolçusunun iki pasporta, o cümlədən Ermənistan pasportuna, doğum şəhadətnaməsi və digər müvafiq sənədlərə malik olduğunu bəyan edib. Prezident eyni zamanda bildirib ki, Edel haqqında məhkəməyə müraciət edilərsə, dəstəklərinə bel bağlaya bilər.
0