“Neftçi” klubunda nə baş verir?
17.12.2009 - 17:25
“Neftçi” klubunda nə baş verir?
Son illər "Neftçi" vitse-prezident, baş məşqçi, futbolçu, mətbuat xidmətinin rəhbəri, topdaşıyan, şofer dəyişməkdən təngə gəlib. Di gəl ki, artıq əvvəlki populyarlığını itirmiş xalq komandasının durumu düzəlmir ki, düzəlmir. Sanki komanda tilsimlənib. İş başına kim gətirilirsə, qaş düzəltmək əvəzinə göz çıxarır. Doğrudu, Vaqif Sadıqov komandanın baş məşqçi postuna təyin olunandan bəri vəziyyət yaxşıya doğru dəyişməkdədi. Amma söhbət "Neftçi"nin ölkə çempionatındakı çıxışından gedir. "Ağ-qaralar" hazırda 8 oyunluq məğlubiyyətsizlik seriyasına malikdi. Üstəlik, paytaxt təmsilçisi son turlarda əsas rəqiblərindən olan "Bakı" və "İnter"i məğlub edib, "Xəzər-Lənkəran"la səfərdə "sülh bağlayıb".

Lakin ab-hava baxımından kollektivdə sular durulmaq bilmir. Sanki kimlərsə daim komandadakı atmosferi çirkləndirmək, söz-söhbət yaratmaqla məşğuldu. Sanki kimlərsə "ağ-qaralar"ın daha da dərin bataqlığa yuvarlanmasında, vəziyyətinin qəlizləşməsində maraqlıdı. Amma başverənləri yalnız hansısa gözəgörünməz qüvvələrin ayağına yazmaq düz olmazdı. Atmosferin korlanmasında, durumun mürəkkəbləşməsində ilk növbədə klub rəhbərliyi, məşqçi heyəti günahkardı.

Adətən komanda uğurlu nəticələr qazananda komandadaxili vəziyyət də normallaşır, hamı bir-birinə can deyib-can eşidir. Bəlkə də "Neftçi"də də hər şey yoluna düşərdi, əgər Tovuzdakı haqq-hesab olmasaydı. Bakılılar sözün əsl mənasında qaşınmayan yerdən qan çıxardı. Guya "Neftçi" öz gücünə "Turan"ı yenə bilməzdi? Əlbəttə, bacarardı. Sadəcə, Tovuzda gözlər önündə "satılmış oyun" obrazı canlandı ki, bunu görməmək üçün kor olmaq lazım idi. İndi Tahir Süleymanov gecə-gündüz and-aman etsə ki, "Turan"ı "təmiz" yenmişik, heç kim inanmaz. Çünki həmin gün Tovuz şəhər stadionunda başverənlər oyunun satılmış olmasına dəlalət edirdi. Kim bilir, bəlkə də bu, kimlərinsə təxribatı idi. Amma ilk hissədən sonra maşına əyləşib müəmmalı şəkildə Tovuzu tərk etmək Tahir bəyin böyük səhvi idi. O, bu yolla şübhələri öz üzərinə yönəltmiş oldu. Qısası, sözümün canı odu ki, Süleymanov işinin öhdəsindən yetərincə gələ bilmir. Bəlkə də, o, "Turan"dan oyun almayıb. Amma Tahir bəy şübhəli davranışı ilə bütün diqqətləri özünə cəlb etdi. Halbuki, Süleymanov uzaqgörənlik edib, başverənləri əvvəlcədən proqnozlaşdırmalı idi. Axı onun "Turan"ın icraçı direktoru postundan ayrılmasından çox az vaxt ötüb. Belədə oyunun satılması məsələsi azyaşlı uşağın da ağlına gələ bilərdi.

Oyunun həqiqətən satılması başqa söhbətin mövzusudu. Fakt budu ki, Süleymanov vəziyyətə nəzarət etməyi bacarmadı. "Neftçi"nin onun yükü olmadığını sezmək çətin məsələ deyil.

Tovuzda başverənlər yenicə unudulurdu ki, indi də əvəzedici komandanın baş məşqçisi Mirbağır İsayevin istefası məsələsi ortaya çıxdı. Başverənlər ilk baxışdan adi görünsə də, vəziyyət heç də ürəkaçan deyil. Fikrimizcə, İsayevin "mən "Neftçi"ni birinci yerdə görməyə alışmışam. Komandanı bu vəziyyətdə idarə edə, yola verə bilməzdim" deməsi, onun istefasının əsas səbəbi deyil. Çünki onun "bu vəziyyət məni də qane edə bilməzdi. 9 oyundan 3 xalla ayrılmaq təsadüf ola bilməz. Çox gözəl kollektiv formalaşdırmışdıq. Amma alınmadı. Səbəbi özümə aydındı. Son 2 oyundakı məğlubiyyəti uşaqlara bağışlamayacam" açıqlamasını oxuyanda torbada pişik olduğunu anlamamaq mümkün deyil. İsayev açıq-aşkar onun kimlər tərəfindənsə, "torba"sının tikildiyinə işarə edir.

Artıq ötən sayımızda İsayevin boşaltdığı postu Rüfət Quliyevin tutacağı barədə söz-söhbət yayıldığını diqqətinizə çatırmışdıq. Üstəlik, həmin Quliyevin "Neftçi"nin baş məşqçisi Vaqif Sadıqovun qohumu olduğu söylənilir. Əgər deyilənlər həqiqətdisə, çətin ki, "Neftçi"nin yaxın vaxtlarda ağ gününü görək. Olanlar yalnız "xalq komandası"nı uçurumun dibinə yuvarlayacaq. Allah axırını xeyir etsin!

AĞA, “Ekspress-Futbol” qəzeti
0