Tunc Afşar: O, Hollandiyada pis oynamayıb...
17.12.2009 - 17:12
Tunc Afşar: O, Hollandiyada pis oynamayıb...
“Maraq dairəmizdə olan moldovalı futbolçu İqor Sıqırlaşın Avroliqada oyunu haqda məlumatımız var. Ancaq onu baxışa çağırmaqla bağlı son qərarı hələ verməmişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar deyib.

Latviya çempionluğu və kubokunu qazandığı “Ventspils” klubunun heyətində çıxış edən İqor Sıqırlaş Moldova yığmasının da üzvüdür. 25 yaşlı yarımmüdafiəçi ötən axşam Hollandiyanın “Herenveen” klubu ilə səfər oyununu əvəzedilmədən keçirib: “Baş məşqçimiz Bülənt Korkmazın Türkiyədə köməkçilərindən biri Avroliqa görüşünü izləmək üçün Hollandiyaya səfər etmişdi. Sıqırlaş 90 dəqiqə oynadığı həmin oyunda pis təsir bağışlamayıb. Düzdür, “Ventspils” uğursuz olub və 0:5 hesabı uduzub. Belə məğlubiyyət alan oyunda futbolçuya qiymət vermək olmur. Futbolçu meydanda tək özü üçün yox, komandası üçün oynayır. Hər halda, bizə verilən məlumat əsasında İqor haqda təəssüratımız yaranıb və pis oynamadığı qeyd olunub. Ancaq bu, qəti fikir yürütməyə əsas vermir. Çünki futbolçu bir oyunda yaxşı oyana bilər, digərində pis”.

Afşarın fikrincə, Sıqırlaşın oyunları olan DVD-ləri izlədikdən sonra qərar çıxaracaqlar: “Latviya çempionatında mövsüm bitib. “Ventspils” avrokuboklarda çıxışını bitirdi, Moldova yığmasının da oyunları yoxdur. Bu səbəbdən İqoru bu il bir daha iş başında görə bilməyəcəyik. Onun oyunları olan diskləri izlədikdən sonra qəti qərarımızı verəcəyik. Lazım olarsa, onu yanvarda Antalyaya baxışa çağıracağıq. Sıqırlaş yarımmüdafiənin sol cinahında çıxış edir ki, bu mövqeyə futbolçu axtarırıq”.

Vitse-prezident bildirib ki, Hollandiyada da futbolçu axtarışlarını davam etdirirlər: “Transfer Komitəmizin üzvləri müxtəlif ölkələrdə futbolçuların oyunlarını izləyirlər. Hollandiyaya yollandığımız nümayəndə bu həftəsonu çempionat oyunlarına baxacaq. Təmsilçilərimiz hər həftə bir ölkədə olurlar. Misal üçün, Portuqaliya, Belçikada olandan sonra bu dəfə Hollandiyaya baş çəkiblər və hər səfərdən sonra bizə raportlar verilir”.
0