Ucuz reklam
17.12.2009 - 17:52
Ucuz reklam
Hazırda legioner həyatı yaşayan futbolçularımızın sayı yox dərəcəsindədi. Daha doğrusu, yığmamızdan imtina etmiş Branimir Subaşiçlə "Volqa" Tverində vaxt öldürən Emin Ağayevi saymasaq, belələrinin sayı sıfırdı. Üstəlik, sözügedən futbolçuları "legioner" adlandırmağa adamın dili gəlmir. Çünki Subaşiçin damarlarında serb qanı axır və onu bizimlə yalnız pul bağlayır. Ağayevə gəlincə, onun artıq loru dildə desək, hay-hayı gedib, vay-vayı qalıb. Amma bu gün ölkə xaricində top qovmaq istəyən yüzlərlə həmyerlimiz var, hansı ki, onların əksəriyyəti sizlərə tanışdı. Di gəl ki, istəməklə iş bitmir. İnsan "istəyirəm" deməklə hər şeyə sahib ola bilsəydi, onda bu dünyanın mənası olmazdı ki...

AFFA-da əyləşənlər gecə-gündüz futbolumuzun inkişafda olduğundan danışırlar. Amma onların danışdıqları mahiyyətcə boş-boş "istəyirəm" deməklə eynidi. Axı biz olmayan şeydən danışmağa, xəyallara dalıb "istəyirəm" deməyə vərdiş etmişik. Diqqət yetirin, ötən il İlqar Qurbanov, Saşa Yunisoğlu, Rəşad Sadıqov, Ramal Hüseynov, Elmar Xeyirov, Daniel Axtyamov, Anatoli Ponomaryov kimi karyerasını xaricdə davam etdirən futbolçularımız vardı. Doğrudu, Sadıqov istisna olmaqla, onların hansınınsa özünü yaxşı tərəfdən göstərdiyini söyləyə bilmərik. Amma yenə də, and içməyə yerimiz vardı. Necə də olmasa, legioner sayılırdılar. Lakin indi... Ölkə xaricinə üz tutanların sayı çoxalmaqdan, geriyə addımlayırıq. Yuxarıda adını sadaladığım futbolçulardan heç biri hazırda əcnəbi klubun formasını geyinmir. Budurmu inkişaf?

Bu gün ölkəmizdə Vaqif Cavadov, Mahir Şükürov, Kamran Ağayev, Elvin Məmmədov, Rəşad Sadiqov, Ruslan Abışov kimi futbolçular parlamaqdadı və onlar ən azı Rusiya premyer-liqasında və Türkiyə superliqasında top qovmağa layiqdilər. Biz də daxil olmaqla, ölkə mətbuatı yığma üzvlərimizin xarici klublara transfer perspektivlərini, onların mümkün keçidləri ilə bağlı gəzən söz-söhbətləri diqqətinizə çatdırmaqdan yorulmuruq. Məqsədimiz isə birdi: bu futbolçuların xarici klublara transfer olunmasında zərrə qədər olsa belə, yardımçı olmaq. Di gəl ki, bəzi qəzetlər, idman saytları bəzən ifratçılığa varır, bəzən isə şəxsi mənafelərini güdərək, "ucuz reklam" xarakterli informasiyalar yayırlar. Sözsüz ki, bəzi futbolçular da özlərini reklam etdirməkdə maraqlıdı. Amma yuxarıda adlarını sadaladığım və sadalamadığım daha bir neçə futbolçunu ölkə daxilində reklam etməyin nə mənası?

Dünən "Tvente" Vaqifə qiymət qoyur, bu gün futbolçu özü Rusiyada oynamaq istədiyini deyir; Şükürov gah "Dinamo", gah "Terek", gah da Nalçik "Spartak"ı ilə anlaşır; Rumıniya klubları Abışova görə bir-birinin ətini yeyir və daha nələr-nələr. Nə olsun? Axı ortalıqda konkret heç nə yoxdu.

Yeri gəlmişkən, bugünlərdə "Neftçi"nin rumın futbolçusu Adrian Nyaqanın ölkəsində nəşr olunan qəzetlərdən birinə verdiyi müsahibəni oxudum. Adam öz işlərindən danışmaq əvəzinə, rəsmən Ruslanı reklam edir. Müsahibəni oxuyub, bunun elə Nyaqanın sifarişi ilə dərc olunduğunu anlamamaq mümkün deyil. Guya rumın klublarının menecerləri Nyaqanın Ruslanı reklam etdiyini anlamır? Əlbəttə, anlayır. Belə olmasaydı, "Styaua"nın rəsmisi "Ruslan Abışov adlı futbolçu tanımırıq" deməzdi. Halbuki normal bir menecer Abışovu "Styaua", "Timişoara" və ya digər kluba təklif etsəydi, onunla ciddi maraqlanardılar. Yoxsa Nyaqa kimi "bazarkom"la iş görüb, ağ günə çıxmaq olmaz. Sözsüz ki, Adrian yaxşı futbolçudu və hazırda onu "Neftçi"nin lideri saymaq olar. Amma fakt budu ki, Nyaqa indi yalnız pul qazanmaq haqda düşünür. Görünür, artıq parlaq futbolçu karyerasını arxada qoyan rumıniyalı futbolçu transferindən də qazanc götürməyin əleyinə deyil. Lakin onun Ruslana menecerlik etməsinin futbolçumuza heç bir xeyri dəymədi, əksinə "Styaua" rəsmisinin açıqlaması futbolçumuzu pis vəziyyətdə qoydu.

P.S. İstər Ruslan, istərsə də yığmamızın bir neçə üzvü legioner həyatı yaşamağa layiqdi. Lakin yalnız futbol oynamaqla iş bitmir. Gərək lazımi insanlarla oturub-durasız ki, hədəfinizə çatasız. Özünüzü ucuz reklam obyektinə çevirməyin. Kimlərinsə qazanc götürmək istəyi, sizi ömürlük Odlar Yurduna məhkum edə bilər.

ŞAMO, “Ekspress-Futbol” qəzeti
0