Zaur Ramazanovla Heydər Babayevin oğlu arasında problem
18.12.2009 - 11:27
Zaur Ramazanovla Heydər Babayevin oğlu arasında problem
Azərbaycan yığmasının sabiq üzvü Zaur Ramazanov Ağdamın “Qarabağ” komandasına qayıdır. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu icarədə olduğu Sumqayıtın “Standard” klubundan debüt etməmiş ayrılacaq. Yayda səhhətindəki problemləri əsas gətirərək, “Qarabağ”a Avroliqada kömək edə bilməyən Ramazanov “Standard”a 6 aylığa icarəyə verilmişdi. Sumqayıtlılar cari mövsümdə ölkə kubokunu da nəzərə alsaq, 17 görüş keçirsə də, Zaurun adı heç oyunların protokoluna da daxil edilməyib. Futbolçunun bunun əsl səbəbini açıqlayıb.

“Artıq özümü oynamağa hazır sayıram. Ancaq bu komandada debüt edə bilməyəcəyəm. Belə ki, “Standard” rəhbərliyi ilə aramızda problem var. Bunu mətbuata açıqlamaq istəmirəm. Onsuz da mən “Qarabağ”dan “Standard”a 6 aylığa icarəyə verilmişdim. Qışdan sonra yenidən doğma klubuma qayıdıram” - deyə Ramazanov vurğulayıb.

Sonuncu dəfə bu ilin mayında Azərbaycan kubokunun finalında “İnter”lə görüşdə oynayan Ramazanov həmin vaxt “Qarabağ”ın heyətində titul qazanmışdı. Zaurla vaxtilə “Xəzər-Lənkəran”da birgə çıxış etmiş Emin Quliyev də “Standard”a keçməsinə baxmayaraq, hələ də oynamır. Özü də 32 yaşlı yarımmüdafiçinin martda “Xəzər-Lənkəran”dan qovulduğunu nəzərə alsaq, artıq 9 aydır yaşıl meydandan kənarda qalıb. Eminin “Standard”da debüt etməsi üçün “Xəzər-Lənkəran”a qarşı şikayət məktubuna AFFA-dan cavab gəlməlidir: “İki gün də səbr edin, cavab məktubu gəlməlidir”.

Qeyd edək ki, Ramazanovun problemlə üzləşdiyi “Standard” klubunun prezidenti sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayevdir.

Mənbə: “Futbol+” qəzeti