Şahin Diniyevin komandası 3 milyon avrodan imtina etdi
18.12.2009 - 13:47
Şahin Diniyevin komandası 3 milyon avrodan imtina etdi
Şahin Diniyevin məşqçisi olduğu Qroznının “Terek” klubu Rusiya çempionu “Rubin”in təklifini qəbul etməyib. Apasport.az saytının məlumatına görə, 43 yaşlı həmyerlimizin ötən çempionatın son 5 turunda rəhbərlik etdiyi komanda bolqar legioner Blaqoy Georgiyevi kazanlılara satmağa razılaşmayıb. Son iki mövsümdə Rusiya Premyer Liqasının qalibi olan “Rubin” Bolqarıstan yığmasının da aparıcı üzvlərindən sayılan 28 yaşlı yarımmüdafiəçinin keçidinə görə 3 milyon avro təklif edib. Ancaq Diniyevin komandası bu cəlbedici təklifə “yox” cavabı verib.

Qeyd edək ki, istirahətə buraxılan “Terek”in üzvləri gələn il yanvarın 4-də Kislovodskdakı bazada bir araya gələcəklər. Futbolçular orada tibbi müayinədən keçəndən sonra ertəsi gün çarter reysi ilə Türkiyəyə ilk təlim-məşq toplanışına yollanacaqlar. Qroznı təmsilçisi yanvarın 5-dən 23-dək nəzərdə tutulan ilk toplanışda 4-5 yoxlama oyunu keçirməyi planlaşdırıb. Hazırda vətəndə istirahətdə olan Diniyev Qroznıya bir gün tez - yanvarın 3-də qayıdacaq ki, bu da əvəzedici komandanın hazırlıq planları ilə bağlıdır. Məşqçimiz planı rusiyalı həmkarı, “Neftçi”nin sabiq futbolçusu Anzor İsmayılova təqdim etdikdən sonra Kislovodska yollanaraq, əsas komandaya qoşulacaq.
0