Bakıda oynamış futbolçu Fransa klublarının hədəfində
18.12.2009 - 14:43
Bakıda oynamış futbolçu Fransa klublarının hədəfində
Bakının “İnter” klubunun sabiq futbolçusu Laki İdahor karyerasını Fransa klublarında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, fransızlar hazırda Ukraynanın “Tavriya” klubunda forma geyinən 29 yaşlı hücumçunu transfer etmək istəyirlər. Ukrayna mətbuatına müsahibə verən Simferopol təmsilçisinin fəxri prezidenti Sergey Kunitsin nigeriyalının satışı ilə bağlı şərtlərini açıqlayıb.

“Kiyev “Dinamo”su ilə oyunumuza xarici agentlər gəlmişdi. Onlar arasında Fransadan gələnlər də var idi. Agentlərin əməkdaşlıq etdikləri klublar Denis Qolaydo, İlya Qalyuza, Laki İdahor və Pavel Hayduçeklə maraqlanır. Lakin oyunçularımızın transferi ilə bağlı bizim öz mövqeyimiz var: satırıqsa, yaxşı qiymətə satacağıq. Elə qiymətə ki, bu pula ona bərabər səviyyəli futbolçu ala bilək” - deyə Kunitsin vurğulayıb.

Qeyd edək ki, İdahor 2004-06-cı illərdə “İnter”in şərəfini qoruyub. Onun Azərbaycanda ən böyük uğur ölkə kubokunun finalında oynamaq olub. 2005-ci ildə “Bakı” ilə oyunun (1:2) iştirakçısı olan İdahor 112-ci dəqiqədə qırmızı vərəqə alıb.
0