Andrey Arşavin: Azərbaycanla oyundan əvvəl əhval-ruhiyyəmiz yaxşı deyildi
18.12.2009 - 15:35
Andrey Arşavin: Azərbaycanla oyundan əvvəl əhval-ruhiyyəmiz yaxşı deyildi
Rusiya milli komandasının kapitanı Andrey Arşavin Azərbaycan yığmasını yenidən xatırlayıb. Apasport.az saytının məlumatına görə, Londonun “Arsenal” klubunda çıxış edən 27 yaşlı hücumçu oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş dünya çempionatının seçmə oyununda (1:1) milli komandamızın qapısına qol vurub. Qrupumuzda 2-ci yerin tutan ruslar pley-off mərhələsində Sloveniya yığmasına yenilərək, 2010-cu il dünya çempionatının final mərhələsindən kənarda qalıblar. Bundan sonra ölkəsində böyük təzyiqlər altında olan, güclü tənqidlərə məruz qalan Rusiya komandasının müdafiəsinə kapitan da qalxıb. Arşavin bildirib ki, Bakıdakı nəticəni ruh düşkünlüyü ilə bağlamaq düzgün olmaz.

“Aydın məsələdir ki, Azərbaycanla oyundan əvvəl əhval-ruhiyyəmiz heç də yaxşı deyildi. Ancaq heç bir psixoloji sarsıntı, üzüntü olmamışdı. Biz son seçmə mərhələdə qarşımızda duran vəzifəni birmənalı yerinə yetirə bilmədik. Maribordakı məğlubiyyət iki ildəki zəhmətimizin üstündən birdəfəlik xətt çəkdi. Hərçənd dünya çempionatına yollanmayacağımızı seçmə mərhələnin startında heç ehtimal etmirdik. Əksinə, CAR-a vəsiqə qazanacağımıza inanırdıq. Bizim yaxşı komandamız, yaxşı məşqçimiz var. Üstəlik, məzmunlu oyun nümayiş etdirirdik” - deyə Arşavin vurğulayıb.

Andrey ruslara ötən yay Avropa çempionatının bürünc medalını qazandıran holland baş məşqçi Qus Hiddinkin mümkün gedişinə belə münasibət bildirib: “O, buna özü qərar verməlidir ki, bizimlə işləmək istəyir, ya yox. Əgər istəyirsə, postunda qalsın. Ancaq Hiddinkin digər baxışı varsa, onun qərarına hörmət etməliyik”.
0