“Birlik kubokunda biabır olmamağa çalışacağıq”
18.12.2009 - 15:44
“Birlik kubokunda biabır olmamağa çalışacağıq”
2010-cu il 15-25 yanvar aralığında keçiriləcək “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” uğrunda yarışda Ukraynanı təmsil edəcək komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışda Kiyev “Dinamo”sunun gənc oyunçularından təşkil olunan komanda mübarizə aparacaq. Ukraynalılar Rusiya paytaxtı Moskvaya məşqçilər cütü - Yuri Kalitvintsev və Gennadi Litovçenkonun rəhbərliyi altında yollanacaqlar.

Kalitvintsev qarşılarında duran vəzifənin nədən ibarət olduğunu açıqlayıb: “Bizim gənc oyunçular “Birlik kuboku”nda yaxşı təcrübə toplaya bilər. Buna rəqiblərin yaxşı komandalar olması kömək edəcək. Nəticəyə gəlincə, bu haqda danışmaq çətindir. Bizim uşaqlar hələ çox gəncdirlər. Digər tərəfdən isə biz “Dinamo”nu təmsil edirik. “Birlik kuboku”nda biabır olmamağa çalışacağıq. Hər oyuna sonuncu kimi yanaşacağıq”.

Qeyd edək ki, “Birlik kuboku”nda Azərbaycanın idman şərəfini son ölkə çempionu “Bakı” qoruyacaq.
0