Futbol yığmamız Türkiyəni geridə qoydu
18.12.2009 - 15:51
Futbol yığmamız Türkiyəni geridə qoydu
FİFA qadınlardan ibarət milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, hər 3 aydan bir açıqlanan siyahıda Azərbaycan yığması 4 pillə irəliləyib. Sentyabrda planetin 62-ci komandası olan Şamil Heydərovun yetirmələri xal hesabını 1380-a çatdıraraq, 58-ci pilləyə qalxıb. Son reytinq cədvəli ilə müqayisədə futbolçularımız Türkiyə, Honkonq, Farer adaları və Qazaxıstanı arxada qoyublar.

Siyahının üst sıralarında isə dəyişiklik qeydə alınmayıb. İlk “8-lik”dəki komandalar öz mövqelərini qoruyublar. ABŞ (2210), Almaniya (2149) və Braziliya (2122) yığmaları isə ən güclü “üçlüy”ü təşkil edir.

Dünya çempionatının seçmə mərhələsində milli komandamızın rəqibi olan və Bakıdakı qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılan İsveç yenə 4-cü yerdədir (2067). Komandamızın digər rəqiblərindən Çexiya geriləyibsə, Belçika və Uels irəliləyişə nail olub. Hələ komandamızla qarşılaşmayan çexiyalı xanımlar 1706 xalla 23-cü pilləni 25-ci yerə dəyişiblər. Yığmamızın Bakıda qolsuz heç-heçə oynadığı Belçika 1646 xalla 32-ci yerdən 29-cu sıraya qalxıb. Milli komandamızın məğlub etdiyi (2:1) yeganə komanda - Uels isə 1473 xalla bir pillə irəliləyərək, 49-cu yerə yüksəlib.
0