“Olimpik-Şüvəlan”da oynamaq üçün cibimdən 40 min dollar verdim”
18.12.2009 - 16:21
“Olimpik-Şüvəlan”da oynamaq üçün cibimdən 40 min dollar verdim”
Azərbaycan milli komandasının futbolçusu İlqar Qurbanovun müsahibəsi

- Premyer Liqanın XIV turunda "Xəzər Lənkəran"a qarşı keçirilən səfər matçında meydana çıxsanız da, fasilədə əvəz olundunuz. Sonradan Nazim Süleymanov bunun sizin istəyinizlə baş verdiyini söyləmişdi.
- Nazim müəllim düz deyir. Oyundan öncə mən də qarışıq, 4-5 nəfər qripə yoluxmuşduq. Meydana çıxıb-çıxmayacağımız sual altında idi. Ancaq matçın önəmi böyük olduğundan, iynənin gücünə də olsa, meydana çıxmağı qərara aldım. İlk yarıda çətinlik çəkdiyimi görüb, əvəzlənməyimi istədim. Başım fırlanır, ürəyim bulanırdı.

- Vaxtilə "Fənarbaxça"nın əsas heyətinə cəlb olunacağı deyilən, 18 yaşında milli komandanın formasını geyən, "Sivasspor"da oynayarkən, "Beşiktaş"ı diz çökdürən İlqar Qurbanov hazırda ortabab "Olimpik-Şüvəlan"da top qovur. Nə baş verir?
- Hər bir futbolçunun karyerasında belə hallar yaşanır. Mən də cəmi 3 aydır ki, "Olimpik-Şüvəlan"dayam. Açığı, Azərbaycana qayıtmaq fikrim yox idi. Əsas məqsədim yerli çempionatda çıxış edib, yığmaya dönmək idi. Həm də "Sivasspor"da müəyyən çətinliklərlə üzləşdiyimdən, problemlər yaranmışdı.

- Ancaq hələ də milli komandaya çağırılmırsınız.
- Bununla bağlı heç nə deyə bilmərəm. Yəqin belə məsləhətdir. Heç kimin baş məşqçinin işinə qarışmağa ixtiyarı yoxdur.

- Bəlkə Foqts elə hesab edir ki, yığmaya çağırılanlar sizdən daha güclüdür.
- O, elə düşünə bilər. Ancaq mən elə bir şeyin olduğunu düşünmürəm. Milli komandada kimdənsə geri qalsam, o dəqiqə futbolu ataram.

- Son vaxtlar çıxış etdiyiniz klubların adlarına nəzər salsaq, geriləmənin olduğunu aşkar şəkildə görə bilərik.
- Ola bilsin, komandaların adlarına baxıb, hansısa enişdən danışa bilərsiniz. Ancaq mən öz çıxışımda heç bir zəiflik görmürəm. "Sivasspor"da ehtiyatda qalmaqdansa, "Boluspor"da əsas heyətdə meydana çıxmaq daha yaxşıdır. Bunlar tədricən düzələn şeylərdir.

- Yayda "Boluspor"dan ayrılandan sonra sizi heyətində görmək istəyən digər türk komandaları var idi?
- Əslində mən növbəti mövsümdə "Sivasspor"da qalacağımı özlüyümdə 100 faiz təxmin etmişdim. Hətta Çempionlar Liqasının oyunlarına hazırlaşarkən, klubla birgə təlim-məşq toplanışında oldum. Lakin sona 4 gün qalmış rəhbərlik komandada mənə yer olmayacağını bildirdi. Belə baxanda, qala bilərdim. Ancaq ehtiyatda oturmağın nə mənası var? Bu üzdən də Azərbaycana qayıtdım.

- Sabiq komandanızla 2010-cu ilin yayınadək müqaviləniz var idi. Belə olan halda "Olimpik-Şüvəlan"a keçidiniz necə reallaşdı?
- Onlar mənim hansısa komandaya keçməyim üçün ilk dəfə 100 min dollar tələb edirdilər. Sonra həmin məbləği 50 minə kimi endirməyə razı oldular. Bu məbləği də ödəyən olmayınca, məcbur olub, cibimdən 40 min dollar verib azad transfer hüququna yiyələndim.

- Azad transfer statusu aldıqdan sonra nə yaxşı Türkiyədə qalmaq istəmədiniz?
- Açığı, bu mövsüm "Sivasspor"da qalacağımı təxmin edirdim. Və bu ərəfədə Türkiyədən gələn bütün təklifləri rədd etmişdim. Lakin sona 3-4 gün qalmış onların məndən imtina etməsi və transferim üçün 100 min dollar istəmələri başqa komandaya keçməyimi əngəllədi. Həm də Türkiyə klublarının bəzilərində maliyyə böhranı yaşanırdı.

- Bəs deyirsiniz sonradan azad transfer statusu aldınız. Azərbaycana qayıdınca, elə Türkiyədə qala bilməzdiniz?
- Mən həmin pulu ödəyib vərəqimi götürəndə, Türkiyədə "transfer pəncərəsi"nin son günü idi. Bir günün içində kiminlə danışıq apara bilərdim ki?

- Cibinizdən ödədiyiniz 40 min dolları "Olimpik-Şüvəlan" sizə qaytardı?
- Xeyr, onlar mənə heç nə vermədilər. Heç özüm də rəhbərlik qarşısında bununla bağlı hansısa şərt qoymadım. Sadəcə, futbol oynamaq istədiyimdən, həmin məbləğdən keçməyə razı oldum. Eybi yox, futbolda belə şeylər olur.

- Ümumiyyətlə, yayda sizə maraq göstərən türk klubları var idi?
- Təbii ki, var idi. Ancaq mənim Sivasdan ayrılmaq fikrim yox idi. Düşünürdüm ki, son mövsümü də komanda ilə birgə olaram.

- Öncəki illərdə də "Sivasspor"un heyətinə düşməkdə çətinlik çəkirdiniz. Fikirləşsəydiniz, bu dəfə də eyni aqibətlə üzləşəcəyinizi yəqin edərdiniz.
- Rəhbərlik başqa sözlər söyləyirdi axı. Deyirdilər ki, "Boluspor"dakı çıxışın bizi razı salıb. Çalış, daha da çox məşq et.

- Bəs sonra nə oldu?
- "Transfer pəncərəsi"nin bağlanmasına qısa müddət qalmış Ersen Martin və Ərman Güraçarı komandaya cəlb etdilər. Ona görə mən kənarda qaldım.

- Gəlin razılaşaq ki, adıçəkilənlər komandaya gəlməsəydilər belə, sizin əsas heyətə düşməyiniz çətin olacaqdı. Sərfəlisi özünüzə daim əsas heyətdə yer ala biləcəyiniz komanda tapmaq idi.
- Burda oturub belə danışmaq asan görünür. Ancaq orda belə şeylərə baxmırlar. Məsələn, "Ankaragücü" gəldi ki, İlqarı istəyirik. "Sivasspor" da deyəcəkdi ki, 500 min ver, apar. Onların da o qədər pulu yoxdur. Deməyim odur ki, hər şey mənim istəyimlə həll olunmur. Klublar peşəkardır və nəyi necə etməyi yaxşı bilirlər.

- Heç olmasa, sizinlə maraqlananlar var idi?
- Təbii ki. "Ankaragücü", "Ankaraspor" və "Diyarbəkirspor" mənimlə ciddi maraqlanırdı. Ancaq maliyyə böhranına görə razılaşa bilmirdilər. Eşitdiyimə görə, komandam mənə görə çox pul tələb edirmiş.

- Sizin üçün küllü miqdarda pul tələb edən klub sonda nə yaxşı 40 minlə razılaşdı?
- Əvvəl elə bildilər məni transferə çıxarmaqla yaxşı pul qazanacaqlar. Heyətdən çıxarandan sonra gördülər ki, heç kim maraqlanmır, 40 minə razılaşdılar. Həm də mənim xətrimi çox istədiklərindən, klubsuz qalmağıma razı olmadılar.

- "Olimpik-Şüvəlan"la yayadək müqaviləniz var. Yeni ildən Azərbaycanda qalıb, özünüzü Foqtsa sübut etməkdə davam edəcəksiniz, yoxsa getmək istəyirsiniz?
- Açığı, hazırda Türkiyənin 1-2 klubu ilə danışıq aparıram. Əsas məqsədim yenidən legioner həyatı yaşamaqdır. Alınsa, qışda mütləq başqa kluba keçəcəyəm.

- Superliqa, yoxsa birinci liqa klublarıdır?
- Biri Superliqa, ikisi isə birinci liqada oynayır.

- Birdən bu dəfə "Olimpik-Şüvəlan" keçidinizə əngəl törətdi, onda necə? Yəni sizə görə pul istəsələr, nə edəcəksiniz?
- Elə hərəkət etməzlər. Özləri də bilir ki, Bakıya cibimdən pul ödəyib qayıtmışdım. Həm də müqaviləyə imza atarkən, rəhbərliklə söhbətimiz oldu ki, sabah hansısa əcnəbi klubdan dəvət gəlsə, keçidimə heç bir problem yaratmayacaqlar.

- Bakıda olduğunuz son 3-4 ay müddətində yerli klublardan sizinlə əlaqə saxlayan olubmu?
- Yalanı sevmirəm. Açıq deyirəm ki, belə bir təklif olmayıb.

- "Fənərbaxça"nın əvəzedici heyətində çıxış etdiyiniz vaxt sizinlə komanda yoldaşı olmuş futbolçulardan indi kiminləsə əlaqə saxlayırsınız?
- Əlbəttə. O gün "Antalyaspor"un heyətində "Qalatasaray"a qarşı oynayan Kərimlə Gürhan, "Ankaragücü"də Bilal, həmçinin "Fənərbaxça"lı Semihlə xoş münasibətlərim var.

- Türkiyədə oynadığınız dönəmlərdə baş məşqçilər sizi hansı xüsusiyyətlərinə görə fərqləndirirdilər?
- Dediklərinə görə, komandanın fərqlənməsi yönündə bütün mövqelərdə çıxış etməyə hazır olan futbolçuyam. Çünki mən əsasən qol vurmaq üçün təşkil olunan istənilən kombinasiyada iştirak edirdim. Ancaq bu hər kəsdə belə olmur.

- Son vaxtlar Mahir Şükürov, Vaqif Cavadov, Vüsal Hüseynov kimi futbolçuların Türkiyə klublarına mümkün transferi ilə bağlı söhbətlər dolaşmaqdadır. Sizcə, adıçəkilənlər Superliqa təmsilçilərinin heyətində çıxış etməyə hazırdırlarmı?
- İlk öncə sizə bir söz deyim ki, son illər hansısa futbolçuların Türkiyəyə getməsi ilə bağlı xeyli söz-söhbət dolaşır. Ancaq fakt budur ki, son 3-4 ildə yalnız mənimlə Rəşad Sadıqov həmin mübarizənin dadını görmüşük. Türkiyəyə getməyi dildə demək asandır. Ancaq əsas məsələ həmin komandaya qoşulub müqaviləyə imza atmaqdır. Ondan sonra desinlər ki, məni filan klub istəyir. Mənim "Sivasspor"a keçidim necə reallaşdı? O vaxt Türkiyə ilə Bakıdakı yoldaşlıq oyunundan sonra yaxınlaşıb dedilər ki, səni heyətimizdə görmək istəyirik. Danışıb razılaşdıq. Ancaq keçid real olsa, fikrimcə, dediyiniz futbolçular rahatlıqla Superliqada çıxış etməyə qadirdir.

- Türkiyədə çıxış etmiş Mahir Şükürov, Mikayıl Yusifov, Ramal Hüseynov kimi futbolçularımız var. Lakin onlar qısa vaxt ərzində geriyə döndülər. Bizimkilərin qonşu ölkədə möhkəmlənə bilməmələrinin səbəbi nədir?
- Mikayılın başına gələnlərin şahidiyəm. Hardasa, 3-4 ay pul üzünə həsrət qaldı. Təbii ki, pul verilməyən klubda heç bir futbolçu çıxış etmək istəməz. Mahirin "Antalyaspor"dan niyə ayrıldığı haqda söz deyə bilmərəm. Ramal Hüseynovun "Kocaelispor"da əsas heyətə düşəcəyi sözsüz idi. Sadəcə, onların federasiyaya borcu olduğundan Ramalın adını iştirak ərizəsinə salmaqda problemlə üzləşdilər.

- Dediklərinizi heç də çıxış yolu saymaq olmaz. Ümumiyyətlə, sizi və Rəşad Sadıqovu da həmin siyahıya əlavə etsək, türklər tərəfindən aldadıldığınızı görmək olar. Halbuki braziliyalı futbolçuların heç birinə qarşı eyni addımı ata bilməzlər. Doğrudanmı onlar bizim futbolçuları peşəkar kimi qəbul etmir?
- Türkiyədə möhkəmlənə bilməməyimizin günahkarı özümüzük. Bilirsiniz ki, millətimiz bir qədər duyğusaldır. Bir az çətinlik görən kimi həmin vəziyyətlə barışa bilmir. Bundan başqa, onların bizə qarşı haqsızlıq etdiyini də deməliyəm. Altı il "Fənərbaxça"nın əvəzedici heyətində oynasam da, əsas komandaya yüksəlməkdə olduğum vaxt yeni bir braziliyalı gətirib, məni komandadan uzaqlaşdırdılar. Halbuki bütün futbolçular deyirdi ki, "İlqar, sən ondan güclüsən". Bir neçə zəif yerli futbolçu var idi ki, mən getsəm də, onlar komandada qaldı. Yəni türklər özlərinin qədrini bilirlər. Hazırda futbolumuz onlarınkından geri qaldığına görə bizə yuxarıdan aşağı baxırlar. Halbuki fərdi olaraq, bizim onlardan heç bir zəif cəhətimiz yoxdu.

- Belə çıxır ki, Türkiyəyə yollanmaq şansı olan futbolçuların qonşu ölkəyə getməsini məsləhət bilmirsiniz?
- Hazırda ölkədən kənara çıxması real görünən Vaqif Cavadovdur. Açığı, onun Türkiyədə oynamasını istəmirəm. Çünki Vaqif hazırkı səviyyəsi ilə Almaniya və Hollandiyada top qovmağa layiqdir. Digər futbolçuların da xaricə getməsini arzulayıram. Əvvəl dediyim kimi, istənilən milli futbolçumuz Türkiyədə oynaya bilər.

- Bir az da hazırkı komandanızdan danışaq. Nazim Süleymanovun "Olimpik-Şüvəlan"a baş məşqçi təyin olunmasından sonra hansısa fərqi hiss edirsiniz?
- Oyun sxemimizdə dəyişiklik var. İndi daha çox hücum futboluna üstünlük veririk. Gördüyünüz kimi, son oyunlarda rəqiblərimizdən heç də zəif oyun sərgiləmirik. Fikrimcə, tədricən vəziyyətimiz daha da yaxşı olacaq.

- Süleymanovun gəlişindən sonra hücum futbolu oynasanız da, komandanız hücumda çoxalmaqda çətinliklə üzləşir.
- Düz deyirsiniz, düşünürəm ki, qısa vaxt ərzində həmin çatışmazlıqları yoluna qoymağa çalışacağıq. Nazim müəllimə müəyyən vaxt lazımdı.

- Əsgər Abdullayev komandadan ayrılarkən, futbolçuların nizam-intizamının qaydasında olmamasından danışmışdı. Sizcə, son vaxtlar "Olimpik-Şüvəlan"da nə baş verirdi?
- Mən də həmin xəbərləri mətbuatdan oxuyurdum. Vallah, heç bir intizamsızlıqdan söhbət gedə bilməz. Uduzanda danışırdılar ki, guya bilərəkdən oynamırıq. Çörəyimiz burdan çıxırsa, niyə oynamayaq?

- Deyilənə görə, maaşlarınız vaxtı-vaxtında verilmir deyə, siz də buna meydanda gəzişməklə cavab verirsiniz.
- Əvvəllər nə olduğunu deyə bilmərəm. Ancaq mən komandaya gələndən sonra hansısa narazılıqla qarşılaşmamışam. Düzdür, 5-10 gün gecikmələr olur. Lakin bunu böyütmək düzgün deyil.

Mənbə: “Futbol+” qəzeti
0