“Muğan”ın baş məşqçisi: ...Qələbə qazana bilərdik
18.12.2009 - 17:26
“Muğan”ın baş məşqçisi: ...Qələbə qazana bilərdik
“Karvan”la oyunda heyətimizdə çoxlu zədəli futbolçu var idi. Bununla belə, Yevlaxa qələbə qazanmaq istəyi ilə gəlmişdik”. Apasport.az saytının məlumatına görə, bunu Salyanın “Muğan” klubunun baş məşqçisi Almir Hurtiç deyib.

Bosniyalı mütəxəssis 18 gündür başçılıq etdiyi komandada 3-cü xalını Unibank Premyer Liqasının XVI turunda bu gün Yevlaxın “Karvan” klubu ilə səfər görüşündə qazanıb (1:1). Hurtiç həm komandasının oyunundan, həm də nəticədən razı qalıb: “Bugünkü oyunda gərginlik, maraqlı mübarizə var idi. Komandalar 90 dəqiqə meydanda “vuruşdular”. Rəqibi də yaxşı oyun və qazandığı xal münasibəti ilə təbrik edirəm. Hesab edirəm ki, nəticə oyuna görə oldu və bu, hər iki komanda üçün qaneedici sayıla bilər. Düzdür, heyətimizdəki çatışmazlıqlar olmasaydı, daha yaxşı oynayıb, qələbəyə nail ola bilərdik”.

Qeyd edək ki, “Muğan” Hurtiçin rəhbərliyi altında keçirdiyi 4 oyunun 3-də heç-heçə edib, yalnız səfərdə “Qarabağ”a uduzub (1:2).