Unibank Premyer Liqası: köhnə tanışlar, təzə görüşlər
18.12.2009 - 18:58
Unibank Premyer Liqası: köhnə tanışlar, təzə görüşlər
Unibank Premyer Liqasının XVI turu köhnə tanışları bir araya gətirəcək. Apasport.az saytının məlumatına görə, dekabrın 20-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda görüşəcək “Neftçi” və “Standard” klublarının baş məşqçiləri - Vaqif Sadıqov və Böyükağa Hacıyev uzun illərin dostlarıdır. 51 yaşlı Hacıyevin özündən 1 yaş kiçik olan Sadıqovla dostluğu doğulub, boya-başa çatdığı Naxçıvanda başlanıb. Ötən əsrin 70-ci illərində “Araz” klubunda komanda yoldaşı olan Hacıyev və Sadıqovun yolları sonradan ayrılıb. 50 yaşlı Sadıqovun karyerası daha çox “Neftçi”yə bağlı olduğu halda, Hacıyev “Araz”a sadiq olub. O, futbolçu karyerasını həsr etdiyi Naxçıvan klubunda kapitan sarğısını da daşıyıb.

Sadıqovla Hacıyevin yolları məşqçilik dövründə də kəsişib. Maraqlıdır ki, bu hal ilk dəfə Arazın o tayında gerçəkləşib. Sadıqov İran çempionatının birinci dəstəsində mübarizə aparan Təbrizin “Maşınsazi” klubunun baş məşqçi işlədiyi zaman Hacıyev onun köməkçisi olub. Ancaq İranda fəaliyyəti qısa müddətli olan Sadıqov ailə problemlərinə görə vətənə dönüb. Bundan sonra “Maşınsazi” sükanı arxasına İranda böyük iş təcrübəsinə malik Hacıyev gətirilib. Daha sonra həmyerlimiz Təbrizin digər təmsilçisi olan “Traktorsazi” klubunu da çalışdırıb.

Bu məşqçi dueti milli komandamızda birgə işləyib. Belə ki, Sadıqov əsas yığmamızı çalışdırdığı son dönəmdə Hacıyevi yenidən özünə köməkçi götürüb. Milli komandamızın braziliyalı çalışdırıcısı Karlos Alberto Torres 2005-ci ilin iyununda istefaya göndərildikdən sonra baş məşqçi postu seçmə mərhələnin (DÇ-2006) sonunadək Sadıqova həvalə olunub. Həmin vaxt olimpiya yığmamıza rəhbərlik edən təcrübəli çalışdırıcı əsas milli komandanı 4 oyuna çıxarıb. Sadıqov yığmamıza ilk və yeganə xalını Hacıyevlə birgə - 2005-ci ilin sentyabrında Avstriya ilə Bakıda qolsuz heç-heçə nəticələnən rəsmi görüşdə qazanıb. Hər iki məşqçinin son illərdə fəaliyyəti Sumqayıtla bağlı olub. Fərq ondadır ki, Sadıqov artıq tarixin yaddaşına köçmüş “Gənclərbirliyi”də vitse-prezident postunu tutub, Hacıyev isə hazırda bu şəhəri təmsil edən “Standard”da baş məşqçi vəzifəsində çalışır.

Qeyd edək ki, 3 ay öncə “Neftçi”nin sükanı arxasına qayıdan Sadıqov milli çempionatımızda ilk dəfə Hacıyevə rəqib olacaq.