Şahin Diniyevin komandası “Spartak” klubundan futbolçu aldı
19.12.2009 - 11:40
Şahin Diniyevin komandası “Spartak” klubundan futbolçu aldı
Şahin Diniyevin məşqçisi olduğu Qroznının “Terek” klubu mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Nalçikin “Spartak” klubunda çıxış edən müdafiəçi Dmitri Yatçenko yeni mövsümdə Diniyevin sərəncamında olacaq. Qroznılılar 23 yaşlı futbolçu ilə iki illik müqavilə imzalayıb. Son üç ildə “Spartak”ın heyətində 71 oyun keçirən Yatçenko “Dinamo” məktəbinin yetirməsidir. “Terek”in idman direktoru Qriqori Yesaulenko müdafiənin hər iki cinahında oynaya bilən futbolçunu ötən mövsüm boyu diqqətlə izlədiklərini bildirib: “Yatçenko müxtəlif planda oyunçudur. Onun həm müdafiə, həm də orta xətdə eyni səviyyədə faydalı oynamaq bacarığı var. Dmitrinin “Spartak”la müqaviləsi müddəti bitdiyi üçün keçidi ilə bağlı elə də ciddi problem yaranmadı. O, gələn il yanvarın 4-də Kislovodskda tibbi müayinədən keçəcək, ertəsi gün isə komanda ilə birgə Türkiyəyə ilk təlim-məşq toplanışına yollanacaq”.

Qeyd edək ki, Diniyev yeni futbolçusu ilə yanvarın 4-də yeni mövsümə hazırlıq məqsədilə Kislovodskda bir araya gələndə tanış olacaq.