“Qarabağ” yenə Respublika stadionunda
19.12.2009 - 12:50
“Qarabağ” yenə Respublika stadionunda
Ağdamın “Qarabağ” futbol klubu 2009-2010-cu il mövsümünün yekununda Avropa kuboklarına vəsiqə qazanacağı halda, oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Bu haqda Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib.

Onun sözlərinə görə, artıq klub rəhbərliyi ilə mərkəzi arena arasında müqavilə bağlanılıb. “Qarabağ” qitəmiqyaslı oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirən ilk komandamızdır. Qalan klublarımız isə 2010-cu il yanvarın sonlarınadək seçim edərək, UEFA-nı məlumatlandırmalıdır.

Qeyd edək ki, “Qarabağ” bu il Avropa Liqasında çıxış edib və iki mərhələ adlamağı bacarıb. Komandamız Norveç “Rusenborq”u ilə Finlandiya “Honka”sını mübarizədən kənarlaşdırsa da, Hollandiya “Tvente”sinə yenilərək, qrup mərhələsinə yüksələ bilməyib. Hər üç komanda ilə ev oyununu Respublika stadionunda keçirən bunların heç birində uduzmayıb. Ağdam klubu “Rusenborq”u 1:0, “Honka”nı 2:1 hesabı ilə yenib, “Tvente” ilə heç-heçə edib – 0:0.