“Foqtsun apardığı siyasətin bəhrəsini mövsümün sonunda gördük”
19.12.2009 - 13:33
“Foqtsun apardığı siyasətin bəhrəsini mövsümün sonunda gördük”
AFFA-nın baş katibi 2009-cu ilin futbolun inkişafı üçün uğurlu il olduğunu düşünür. Apasport.az saytının xəbərinə görə, assosiasiya rəsmisi bildirib ki, AFFA cari ildə bir çox yeni layihələrin həyata keçirilməsinə başlayıb və yeniliklər tətbiq edib.

“2009-cu ildə məqsəd Azərbaycanda futbolun kütləviliyini təmin etmək olub. Hesab edirəm ki, bu sahədə də irəliləyişə nail olmuşuq. İlin əvvəlində AFFA-nın elektron bazasında qeydiyyatdan 1500 uşaq keçmişdi, hazırda 7200 futbolçu bu siyahıdadır. Onlar AFFA bayrağı altında müxtəlif turnirlərdə iştirak edirlər" – deyə Elxan Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, 2009-cu ildə 13, 15 və 17 yaşlıların liqaları yaranıb.

"Bu il məşqçilər üçün böyük kurslar keçirilib. 2008-ci ildə başlayan bu strategiyamız davam edib", - AFFA rəsmisi əlavə edib.

Baş katib deyib ki, AFFA 2010-cu il üçün də müxtəlif yarışlar keçirməyi planlaşdırır.

"Təbii ki, bəzi məsələlərin həlli üçün vaxtımız çatmayıb. Məsələn, 11 yaşlı uşaqların liqasını yarada bilməmişik. Bunu növbəti ildə reallaşdıracağıq. Çünki bu liqaların yaradılması Azərbaycanda futbolun inkişafına böyük təkan olacaq", - o xatırladıb.

Məmmədov qeyd edib ki, 17 yaşlıların keçənilki və 19 yaşlıların builki uğurlu çıxışları Azərbaycanda artıq futbolun inkişafının stabilləşdiyini göstərir.

"19 yaşlılar arasında keçirilən yarışda qadınlardan ibarət komandamız da bu il uğurlu çıxış edib. Çimərlik futbolu üzrə komandamız bu il Avropa çempionatında 9-cu yeri tutub. Futzal yığma komandamız da ilk dəfə olaraq final mərhələsinə vəsiqə qazanıb və hazırda Avropada 12-ci komandadır. Bu bir daha göstərir ki, Azərbaycanda yalnız böyük futbolu deyil, bütün futbol növlərini inkişaf etdiririk", - baş katib deyib.

Milli komandanın çıxışına gəldikdə, AFFA rəsmisi bildirib ki, 2009-cu ildə heyətdə gəncləşdirmə siyasəti aparılıb. "Baş məşqçi tərəfindən aparılan bu siyasətin bəhrəsinin biz mövsümün sonunda şahidi olduq. Milli komandamız inamlı oyunları ilə bunu sübut etdi. Ümid edirik ki, gələn il ən azı builkindən daha uğurlu olacaq", - Məmmədov əlavə edib.

Trend.az