Nazir oğlu: Mən bundan zövq alıram
23.12.2009 - 10:39
Nazir oğlu: Mən bundan zövq alıram
“Gələcəkdə Azərbaycan üçün güclü futbolçu yetişdirmək lazımdır. Bu, bizim borcumuzdur. Əminəm ki, belə də olacaq. Bizdə gözəl məşqçilər var və Azərbaycan futbolunun gələcəyini parlaq görürəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun fəxri prezidenti Anar Məmmədov deyib.

“Toplu Bakı” uşaq jurnalının təqdimetmə mərasimində media nümayəndələrinin suallarını cavablandıran Məmmədov bildirib ki, bütün klublarımıza azarkeşlik edir: “Futbolla məşğul olmaq çətindir. Futbola ayırdığım vaxtı çox səmərəli keçirməyə çalışıram. Əslində, mən bundan zövq alıram. Çünki futbol idman növlərinin şahıdır. “Bakı” ilə yanaşı, bütün komandalarımıza azarkeşlik edirəm. Əsas məqsədimiz Azərbaycan futbolunu xaricdə layiqincə təmsil etməkdir. Xaricdə çıxış edən bütün komandalarımızı dəstəkləyirəm”.

Fəxri prezident Bülənt Korkmazın “Bakı”nın baş məşqçi postuna gəlişindən sonra dəyişiklərə də münasibət bildirib: “Dəyişiklər var, amma tam istədiyimiz kimi deyil. Hələ buna nail olmamışıq. Mənə elə gəlir ki, bu gedişlə gələcəkdə komandamız daha da inkişaf edəcək. Bunun üçün Korkmaz mütləq vaxt verilməlidir”.

Qeyd edək ki, Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur.