“Beşiktaş”ın futbolçusu Azərbaycanda oynayacaq!?
23.12.2009 - 12:08
“Beşiktaş”ın futbolçusu Azərbaycanda oynayacaq!?
“Bakı” Türkiyənin “Beşiktaş” klubunun futbolçusunu transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, “qara qartallar”ın cari mövsümün startı ərəfəsində “Ankaraspor”dan transfer etdiyi Erhan Güvən son Azərbaycan çempionundan təklif alıb.

“Beşiktaş”a keçdiyi gündən ilk 4 oyunda əvəz olunmadan meydanda olan 27 yaşlı yarımmüdafiəçi baş məşqçisi Mustafa Dənizlinin etimadını itirib. Amma Erhan Çempionlar Liqasında “Mançester Yunayted”lə “Old Trafford”da tarixi qələbə qazandıqları (1:0) matçın iştirakçısı olub.

Türkiyə Superliqasında ilk dövrə bitəndən sonra “Bakı”dan cəlbedici təklif alan Güvən bunu qəbul etmək fikrindədir. Elə onun müqavilə ilə məxsus olduğu “Beşiktaş” da Azərbaycan çempionunun təklifinə müsbət yanaşır və dövrələrarası fasilədə bu transferin gerçəkləşməsinə razıdır.

Qeyd edək ki, Erhan həm müdafiə, həm də yarımmüdafiənin sağ cinahında oynamağı bacarır. Superliqada 180 matça 7 qol vuran Güvən “Gənclərbirliyi” və “Kayserispor” klublarında da oynayıb. Onun “Bakı”ya keçidi baş tutarsa, bu komandanın baş məşqçisi Bülənt Korkmazın transfer etdiyi ilk həmyerlisi olacaq.