Robbi Kin Rəşad Sadıqovu, Dunqa Berti Foqtsu dəstəklədi
23.12.2009 - 12:30
Robbi Kin Rəşad Sadıqovu, Dunqa Berti Foqtsu dəstəklədi
İngiltərənin “Tottenhem” klubunun hücumçusu Robbi Kin Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovu dəstəkləyib. Apasport.az saytının məlumatına görə, milli komandasında da kapitan sarğısını daşıyan 30 yaşlı irlandiyalının FİFA-nın ilin ən yaxşı futbolçusu ilə bağlı sorğusunda seçimi Rəşadla üst-üstə düşüb.

Onlar “Barselona”nın 22 yaşlı argentinalı hücumçusu Lionel Messini ən yaxşı sayıb, 2-ci və 3-cü yerdə müvafiq olaraq, Xavi Ernandeslə Kriştianu Ronaldonu göstərib. Kin və Sadıqovla yanaşı, Macarıstan yığmasının baş məşqçisi Ervin Kuman, ABŞ yığmasının baş məşqçisi Bob Bredli ilə kapitanı Karlos Bokaneqra, Xorvatiya yığmasının baş məşqçisi Slaven Biliç, Lixtenşteyn yığmasının kapitanı Mario Frik, Tunis yığmasının kapitanı Kərim Həqqi ilk “üçlük”də bu futbolçulara səs verib.

Hollandiyalı Ervin Kuman məşhur Ronald Kumanın qardaşıdır, Frik isə yığması ilə ötən seçmə mərhələdə milli komandamıza rəqib olub. Rəşadla Mario ötən il sentyabrın 6-da Bakıda keçirilən rəsmi oyunda (0:0) komandalarını kapitan kimi meydana çıxarıblar. Ancaq bu ilin oktyabrın 11-də Vadutsda baş tutan görüşdə (2:0) Sadıqov zədə, Frik isə cəza üzündən iştirak etməyib. Messinin FİFA-nın sorğusunda “Brilyant top”a sahib çıxdığını nəzərə alsaq, Sadıqovun bir çoxları kimi seçimi doğru olmuşdu.

Qeyd edək ki, milli komandamızın baş məşqçisi Berti Foqts FİFA-nın sorğusunda ispan hücumçu Fernando Torres (“Liverpul”), alman Mihael Ballak, ingilis müdafiəçi Con Terriyə (hər ikisi “Çelsi”) səs verib. Ancaq hər üç futbolçu “Brilyant top” uğrunda mübarizədə heç son “beşliy”ə daxil edilməyib.

Foqtsun seçimi sorğuda iştirak edən 147 yığmanın baş məşqçisinin heç biri ilə üst-üstə düşməyib. Torresi Foqtsla yanaşı, dünyanın ən yaxşı futbolçusu həmkarlarından Karlos Dunqa (Braziliya), Dorci Xandu (Butan), Moris Tillotson (Kuka adaları), İstvan Urbanyi (Maldiv), Havyer Agirre (Meksika), Naycel Uortinqton (Şimali İrlandiya), habelə Finlandiya və Panama yığmalarının kapitanları Sami Hyuyupya ilə Felipe Baloy sayıb.

Sözsüz ki, bunlardan ən məşhuru futbolçu kimi dünya çempionu, baş məşqçi kimi Konfederasiyalar Kubokunun qalibi olan Dunqadır. Ötən seçmə mərhələdə Helsinkidə Foqtsun komandasına qarşı oynayan 36 yaşlı Hyuyupya isə Lənkərana gəlsə də, meydana çıxmadı. Buna səbəb 36 yaşlı müdafiəçinin sağlıq durumunda yaranan problem idi.