Berti Foqts: Mən onun göstərdiyi oyunun təəssüratı altındayam
23.12.2009 - 13:02
Berti Foqts: Mən onun göstərdiyi oyunun təəssüratı altındayam
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün FİFA-nın keçirdiyi sorğuda seçiminin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, milli komandaların baş məşqçiləri və kapitanlarının qatıldığı səsvermədə birinci yeri Fernando Torresə verən 63 yaşlı almaniyalı fikrini ispaniyalının “Liverpul”dakı çıxışı ilə izah edib.

Vətənində seçimi ilə bağlı açıqlama verən Foqts bunu belə əsaslandırıb: “Mən Torresin İngiltərədə göstərdiyi oyunun təəssüratı altındayam. Mixael Ballaka səs verməyimə gəlincə, o Almaniyanın dünya səviyyəli yeganə futbolçusudur”.

Torres və Ballakı ilk iki pillədə göstərən mütəxəssis üçüncü yeri İngiltərə yığmasının müdafiəçisi Con Terriyə vermişdi. Foqts kimi sorğunun qalibi Lionel Messini “üçlüy”ə daxil etməyənlər arasında braziliyalılar da var. “Sambaçı”ların baş məşqçisi Dunqa, kapitan Lusio da əzəli rəqibləri olan Argentinanın əsas ulduzuna etinasız yanaşıblar. Onlar Messini ən yaxşı 3 yerə layiq bilməyiblər. Dunqa Foqts kimi Torresi ən yaxşı göstərib. Braziliyalılardan fərqli, Messinin digər prinsipial rəqibi “Real”ın üzvü olan İker Kasilyas argentinalını üçüncü yerə layiq bilib.

Qeyd edək ki, sorğuda 1073 xal toplayan Messi ən yaxın izləyicisi olan Kriştianu Ronaldonu (352) böyük fərqlə arxada qoyub.