“Vaqif Cavadovu komandamda görmək istəyirəm” - MÜSAHİBƏ
23.12.2009 - 13:34
“Vaqif Cavadovu komandamda görmək istəyirəm” - MÜSAHİBƏ
“Bakı” klubunun prezidenti Hafiz Məmmədovun müsahibəsi

- Komandanız uşaq jurnalı buraxmaqla, ilkə imza atdı. “Toplu “Bakı” ilə bağlı təəssüratlarınız necədir?
- Fikrimcə, haradasa 97 faiz gözəl jurnal alındı. Bəzi çatışmazlıqlar var ki, bu da texniki səhvlərlə bağlıdır. Onu da yaradıcı heyətin diqqətin çatdıracağam.

- Əsas komanda ilə bağlı işlər nə yerdədir? Deyilənə görə, gürcü yarımmüdafiəçi Amiran Muciri “Bakı”dan gedir...
- Hələ bu haqda danışmaq tezdir. İstər Muciri, istərsə də başqası, onların taleyinə aydınlıq gətirmək üçün hələ bir müddət vaxt lazımdır. Onu deyə bilərəm ki, komandamızda köklü dəyişiklər olacaq.

- Özbəkistanın “Bunedkor” klubu Rivaldo kimi tanınmış futbolçunu, dünya çempionunu heyətinə cəlb etdi. “Bakı”da yaxın illərdə belə ulduz futbolçuların transferi gözlənilirmi?
- Şok transferlər yoxdur. Ancaq səviyyəli legionerlərin gəlməsi planlaşdırırıq.

- Moskvada keçiriləcək “Birlik kuboku”nda əsas məqsədiniz nə olacaq?
- Qarşımızda ən yüksək məqsəd qoymuşuq. Həmin turnirə qısa müddət qalıb. Futbolçular “Birlik kuboku”na ciddi hazırlaşacaqlar. Komandamıza yeni futbolçular da gələcək və Moskvaya iddialı yollanacağıq.

- Baş məşqçiniz Bülənt Korkmazın işini necə qiymətləndirərdiniz?
- O, böyük futbolçu, “Qalatasaray”ın kapitanı olub, uzun illər Türkiyə yığmasında oynayıb. Fikrimcə, Azərbaycan futbolu Korkmazın təcrübəsindən faydalanmalıdır. Siz onun işini nəticəsini bu iki ayda yox, sonra görəcəksiniz. Korkmaza inanıram və böyük etimad göstərirəm.

- Azərbaycanda bu ilin ən yaxşı futbolçusu kimi sayırsınız?
- Vaqif Cavadovu. Milli komandaların ilin ən yaxşı futbolçularının təqdimetmə mərasimində iştirak etdim və namizədlərimi demişəm. Düzdür, başqa yaxşı futbolçularımız da var. İstər Elvin Məmmədov olsun, istərsə də başqası. Ancaq Vaqif bu il ən yaxşı futbolçu olmağa daha layiq idi.

- Onu komandanıza transfer etmək fikriniz varmı?
- İstərdim ki, Vaqif Cavadov bizim futbolçu olsun, “Bakı” klubunun şərəfini qorusun. Onunla bağlı danışığımız da olmuşdu. Ancaq son vaxtlar eşitdiyimə görə, Vaqif xaricdə oynamaq istəyir. Mən onun bu qərarını dəstəkləyirəm. Çünki bu, Azərbaycan futbolunun inkişafı, xaricdə tanınması baxımından doğru addımdır.