Əkbər Hacıyev “Neftçi” klubundan rəsmən ayrıldı
23.12.2009 - 14:27
Əkbər Hacıyev “Neftçi” klubundan rəsmən ayrıldı
Bakının “Neftçi” klubunun prezident postunda dəyişiklik gerçəkləşib. Apasport.az saytının məlumatına görə, son il yarımda bu vəzifəni tutan Əkbər Hacıyevin istefası qəbul olunub.

“Neftçi” İdman-Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqov klubun prezidenti təyin edilib. Bu gün klubun bazasında Hacıyev və Sadıqovun komanda ilə görüşü olub və yeni prezidenti komandaya təqdim olunub.

İstefasının səbəblərini açıqlayan Hacıyev bundan sonra da komandanın yanında olacağını bildirib: “İşlərimin çox olması ilə bağlı seçim qarşısında qaldığımdan və “Azəriqaz” İstehsalat Birliyində yeni layihələrin həyata keçirilməsi üçün dövlət tapşırığının yerinə yetirilməsinin vacibliyini nəzərə alaraq, “Neftçi” PFK-nın prezidenti vəzifəsindən istefa verməyi qərara aldım. Buna baxmayaraq, komandaya bundan sonra da dəstək olacaq və sizin hər bir uğurunuzu öz uğurum hesab edəcəm”.

Sadıqov çıxış edərək, nəinki futbolçulara, bütün idmançılara son dərəcə hörmət etdiyini və “Neftçi”də möhkəm və səmimi kollektivin yaradılmasını arzusunu bildirib: “Neftçi”nin prezidenti olmaq hər bir azərbaycanlı üçün böyük şərəfdir. Bu vəzifədə əlimdən gələni edəcəyəm ki, klubun heç bir problemi olmasın və bu münasibətin də qarşılığı bizim bir ailə kimi birləşib uğurlu nəticələr əldə etməyim olmalıdır”.

Hacıyev Rövnəq Abdullayev ötən ilin martında AFFA prezidenti seçilməsindən az sonra “Neftçi”nin prezidenti postunda onu əvəzləmişdi. Həmin vaxt “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru olan 37 yaşlı Hacıyev bir müddət öncə “Azəriqaz”a baş direktor təyin olunub.