Əkbər Hacıyev “Neftçi”də tarixə düşdü
23.12.2009 - 16:14
Əkbər Hacıyev “Neftçi”də tarixə düşdü
“Neftçi” komandası bu gün tarixində 5-ci prezidentini dəyişdi. Apasport.az saytının məlumatına görə, 1988-ci ildən Peşəkar Futbol Klubu kimi fəaliyyətə başlayan və bununla da prezident üsul idarəsinə keçən “ağ-qaralar”ın indiyədək rəhbərləri Aydın İbrahimov, Aqil Paşayev, Ramiz Mirzəyev, Rövnəq Abdullayev olub.

Bu gün istefa ərizəsi qəbul olunan Əkbər Hacıyev postunu Sadıq Sadıqova təhvil verdi. Maraqlısı odur ki, Sadıqovadək “Neftçi”nin son iki prezidenti istefa verərək, AFFA-nın prezidenti vəzifəsinə keçmişdi. Söhbət Mirzəyevlə Abdullayevdən gedir ki, onlar klubda olduğu kimi, assosiasiyada da bir-birini əvəzləyiblər. Ancaq Hacıyev onların yolu ilə getməyərək, istefasını baş direktoru olduğu “Azəriqaz” QSC-də işlərinin çoxluğu ilə bağlayıb.

Klubun tarixində sayca 5-ci prezident olan Hacıyev iki məqamla da diqqəti cəlb edib. O “Neftçi” tarixinin ən qısa müddətli rəhbəri (21 ay), həmçinin titul qazanmayan iki prezidentdən biridir. Digər titulsuz isə Mirzəyev olub. Yeri gəlmişkən, ən titullu prezident hazırda AFFA-ya rəhbərlik edən Abdullayevdir.

Klubun 6-cı prezidenti olan Sadıqov isə artıq ilkə imza atıb. O, “Neftçi”də baş məşqçi ilə həmsoyad olan ilk prezidentdir. Xatırladaq ki, flaqmanın baş məşqçisi Vaqif Sadıqov 3 ay əvvəl bu posta təyin olunub. Vaqif bəy isə öz növbəsində “Neftçi”nin ilk prezidenti İbrahimova ilk ölkə kubokunu qazandırıb.

“Neftçi”nin bütün prezidentləri

N

Prezidentlər

Müddəti

titulları

1

Aydın İbrahimov

1988, dekabr- 1997, iyul

Azərbaycan çempionu (1992, 1995/96), Azərbaycan kuboku (1994/95, 1995/96),
Azərbaycan Superkuboku (1992, 1995)

2

Aqil Paşayev

1997, iyul – 2001, iyul

Azərbaycan kuboku (1998/99)

3

Ramiz Mirzəyev

2001, iyul – 2003, dekabr

yoxdur

4

Rövnəq Abdullayev

2004, fevral – 2008, mart

Azərbaycan çempionu (2003/04, 2004/05), Azərbaycan kuboku (2003/04),
Birlik kuboku (2006)

5

Əkbər Hacıyev

2008, mart – 2009, dekabr

yoxdur

6

Sadıq Sadıqov

2009, dekabr - ...

...