Hacıyevin “Neftçi”dən getməsinin əsl səbəbləri
23.12.2009 - 18:46
Hacıyevin “Neftçi”dən getməsinin əsl səbəbləri
İlin ən səs-küylü istefasının - “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin “Neftçi” futbol klubundan ayrılmasının əsl səbəbləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son vaxtlaradək Hacıyevin tutduğu vəzifədən istefa verməsi planda olmayıb. Hadisələrin belə gözlənilməz axar alması isə ilk növbədə flaqmanın dekabrın 5-də Premyer Liqanın XIII turunda Tovuzda “Turan”a qarşı keçirdiyi şübhəli matçla bağlıdır.

“Turan”la görüşün nəticəsinin razılaşdırılması “Neftçi” rəhbərliyinə sonradan baha başa gəlib. Bakılılar ilk hissədə 2 top geri olduqları halda, fasilədən sonra 3 qol vuraraq, qələbə qazanıblar, və onlar danışılmış oyundan mətbuatın və futbol ictimaiyyətinin xəbər tutmayacağını zənn edirdilər. Lakin apasport.az saytı elə fasilədəcə “Neftçi”nin 3:2 hesabı ilə qalib gələcəyini, “Turan” futbolçularının rəqibə müqavimətsiz təslim olacaqlarını yazmışdı.

Təbii ki, mətbuatın və futbol ictimaiyyətinin pislədiyi bu hadisə “Neftçi” rəhbərliyinə ciddi zərbə vurub. Bundan başqa, son oyunlarda flaqmanın ardıcıl xal itkiləri də istefa prosesinin sürətləndirilməsinə rəvac verib. “Neftçi”nin adının çirkin oyunlarda hallandırılması çox keçməyib ki, öz məntiqi nəticəsini tapıb. 37 yaşlı Hacıyevin klub prezidenti qismində tənqidlərə məruz qalması yuxarı dairələri razı salmayıb. Elə buna görə də onun “Neftçi”dən ayrılması məqsədəuyğun sayılıb.

Klubun vitse-prezidenti Tahir Süleymanovun qovulmasının səbəbi isə daha bəsitdir. Onun “Neftçi”də olduğu 3 ay ərzində fəaliyyəti qeyri-qənaətbəxş sayılıb, şablon çıxışlar etdiyindən rəhbərliyi zərbə altında qoyub. “Turan”la məlum qarşılaşmanın fasiləsindən sonra müəmmalı şəkildə qeybə çəkilən Süleymanov son zamanlardakı uğursuzluğun əsas günahkarı sayılıb və prezident dəyişən kimi, ona da qapını göstərməyə hazırlaşırlar.

Qeyd edək ki, bundan sonra “Neftçi”nin prezidenti Sadıq Sadıqov, vitse-prezidenti Misir Əbilov olacaq.