Dünya futbolunda görünməmiş hadisə
24.12.2009 - 11:30
Dünya futbolunda görünməmiş hadisə
Fransa çempionatının hesabat turunda keçirilən “Marsel” - “Oser” oyununda dünya futbolunda görünməmiş hadisə baş verib. Apasport.az saytının məlumatına görə, görüşün baş hakimi meydan sahiblərinin hücumçusu Bakari Koneni meydandan qovsa da, az sonra ona göstərdiyi qırmızı vərəqəni ləğv edib. Bu qeyri-adi epizodun əsas qəhrəmanı “Oser”in futbolçusu Valter Birsa olub.

Məsələ burasındadır ki, hakim Konenin Valterlə bilərəkdən toqquşduğunu zənn edərək, onu cəzalandırıb. Ancaq burada “Marsel”in futbolçusu heç də rəqibə qarşı qaydanı pozmayıb. Toqquşma zamanı xəsarət alan Valter ayağa qalxdıqdan sonra Koneyə qırmızı vərəqə göstərilməsini görərək, təəccüblənib. Qayda pozuntusunun olmadığını bildirən Birsa hakimdən qırmızı vərəqənin ləğvini istəyib. Epizodun təkrarına baxılarkən, onun sözlərinin doğru olduğu üzə çıxıb. “Marsel”in futbolçuları da baş hakimi dilə tutduqdan sonra futbolda nadir olay gerçəkləşib. Referi Koneyə göstərdiyi qırmızı vərəqəni ləğv edib və üstəlik, üzr istəyib.
0