Arzuolunmaz “Aktobe”, 0:19 hesabı ilə uduzan “Vaxş” və debütant HİK
24.12.2009 - 12:46
Arzuolunmaz “Aktobe”, 0:19 hesabı ilə uduzan “Vaxş” və debütant HİK
“Bakı” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının “Birlik kuboku” turnirindəki rəqiblərindən ikisi Azərbaycan təmsilçiləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, “Aktobe” (Qazaxıstan) son 5 ildə 4-cü dəfə bizə rəqib olacaq. Özü də Aktyubinsk təmsilçisi bizim üçün arzuolunmaz rəqibdir. Hər halda, nə “Neftçi”, nə “Xəzər-Lənkəran”, nə də “İnter” bu komandanı məğlub edə bilib.

İndi bu uğursuz ənənəyə son qoymaq “Bakı”nın üzərinə düşəcək. Ardıcıl üçüncü il təmsilçimizlə görüşəcək Vladimir Muxanovun komandası uğurlu seriyasını davam etdirməyə çalışacaq. Maraqlıdır ki, “Aktobe” ilə indiyədək görüşən komandaların hamısı turnirdə yeganə məğlubiyyətini məhz ondan alıb. “Neftçi” ilə “Xəzər-Lənkəran” sonda “Birlik kuboku”nun qalibi olduğu vaxtda, “İnter” məhz “Aktobe” səddində ilişərək, turnirlə vidalaşıb.

Klublarımız “Birlik kuboku”nda bir sıra rəqiblərlə görüşsə də, “Vahş”la cəmi bir oyun təsadüf edib. Onda da “Neftçi” Kurqan-Tyube təmsilçisini böyük hesabla məğlub etməkdə çətinlik çəkməyib. “Ağ-qaralar”ın kuboku qazandığı 2006-cı ildə turnirə məhz “Vaxş”la oyunla start götürdüyünü nəzərə alsaq, bu komandanı “ayağı düşərli” saymaq olar. Bir vaxtlar “Neftçi”nin və milli komandamızın əsas qol ümidlərindən olan serb hücumçu Branimir Subaşiç həm “Aktobe”, həm də “Vaxş”a qol vurub.

“Vaxş” “Birlik kuboku”nun 17 illik tarixinə antirekordçu kimi düşüb. Belə ki, komanda 1998-ci ildə qrup mərhələsində Moskva “Spartak”ına 0:19 hesabı ilə uduzub və bu, yarışın ən ağır məğlubiyyəti kimi tarixdə qalıb. “Vaxş” yarışda çıxış etdiyi 6 dəfənin hamısında autsayder olub və heç vaxt qrupdan çıxa bilməyib.

Finlandiyanın HİK klubu ilk dəfə komandamızla görüşəcək. Maraqlı məqam odur ki, ikinci ildir “Birlik kuboku”nda təmsil olunacaq finlər yenə bizə rəqib olub. Ötən il Bakı “İnter”i Turku şəhərini təmsil edən adaşını 3:1 hesabı ilə məğlub etmişdi. “Suomilər”in qapısına latviyalı Andery Rubin (24-cü dəqiqə), Xaqani Məmmədov (32) və uruqvaylı Valter Quqlemon (75-pen) yol tapıb.

“Bakı”nın “Birlik kuboku”ndakı rəqibləri ilə turnirdəki oyunlarımız

2006-cı il, qrup mərhələsi

“Neftçi” – “Vaxş” (Tacikistan) – 3:0

Branimir Subaşiç, 6, Aftandil Hacıyev, 26, Tomislav Mişura, 69

“Aktobe” (Qazaxıstan) – “Neftçi” – 1:1
Aleksandr Suçkov, 31 - Branimir Subaşiç, 61

2008-ci il, qrup mərhələsi

“Aktobe” – “Xəzər-Lənkəran” – 1:0

Kayrat Aşurbəyov, 90-pen

2009-cu il, yarımfinal

“İnter” – “Aktobe” – 0:1

Uluqbəy Asanbayev, 43
0