“Neftçi” yenilənir: Təsadüf, yoxsa...?
24.12.2009 - 13:22
“Neftçi” yenilənir: Təsadüf, yoxsa...?
Tarix yenə təkrarlandı. “Neftçi” klubunda növbəti böyük dəyişiklər Zaqatala “Simurq”u ilə görüş öncəsi gerçəkləşdi. 2007-ci ildən yaranan bu ənənə hələ də davam etməkdədir. Hər dəfə “Simurq”la oyun gələndə “Neftçi”də nəsə baş verir və bu, yenə özünü göstərdi.

Düzdür, bu dəfə “ağ-qaralar” baş məşqçisini itirmədi. Ancaq hər halda, prezident klubda birinci şəxs sayılır və deməli, bu dəyişiklik daha böyük hadisə sayılmalıdır. Əkbər Hacıyevin tutduğu postu Sadıq Sadıqova təhvil verməsi də “Simurq”la oyun öncəsinə təsadüf etdi. Hərçənd, bu il son turun keçirildiyini nəzərə alsaq, əvəzləmə daha sonra da baş verə bilərdi. Ancaq “Əldən qalan, 50 il qalar” deyiblər: “Xalq komandası”nda kadr dəyişikliyi “Simurq”la qarşılaşma ərəfəsində rəsmiləşdi. Maraqlıdır, bu, təsadüfdür, yoxsa?

Öncə xatırladaq ki, flaqman “Simurq”la ardıcıl ikinci mövsüm ev oyununa baş məşqçisiz çıxdı. “Ağ-qaralar”ın bu rəqiblə son 2 ildə Bakıdakı görüşlərində çalışdırıcısı kənarda qalır. Ötən mövsümün ilk dövrəsində zaqatalalılarla matç (0:0) öncəsi ukraynalı Anatoli Demyanenkonun istefasından sonra baş məşqçi postuna Hans-Yurgen Gede gətirilsə də, alman mütəxəssis həmin ev oyununu tribunadan izlədi. Bu səbəbdən komandanı meydana Böyükağa Ağayev çıxardı. Gede özü də məhz “Simurq”la görüş ərəfəsində istefaya göndərildi və yenə komanda oyuna Ağayevin rəhbərliyi altında çıxdı. Zaqatalada qazandığı inamlı qələbə (2:0) sayəsində rəhbərliyin etimadını doğruldan mütəxəssislə müqavilə imzalandı və baş məşqçi təyinatı gerçəkləşdi.

Cari mövsümdə isə “Simurq”la oyun öncəsi Ağayevin özü problemlə üzləşdi. Həkimlər səhhətində problemlər yaranan məşqçiyə bir müddət istirahət etməyi tövsiyə etdilər.
Nəticədə “Neftçi”ni “Simurq”la oyuna Ağayevin əsas köməkçisi Arif Əsədov çıxardı. Zaqatalalılara evdə 0:1 hesablı məğlubiyyətdən sonra komandada baş məşqçi dəyişikliyi baş verdi və Ağayev də istefaya göndərildi.

Adətən flaqmanın “Simurq”la son üç oyununda çalışdırıcıları, əsasən Ağayev diqqət mərkəzinə düşsə də, bu dəfə vəziyyət fərqli oldu. Əslində, hələ 62 yaşlı məşqçi vəzifəsindən çıxarılan zamanı təkcə onu Vaqif Sadıqovun əvəzləməsi yox, rəhbərlikdəki köklü dəyişiklər də diqqəti cəlb etdi. İlqar Quluzadə “Neftçi”nin vitse-prezidenti postundan məhz “Simurq”la oyundan sonra istefa verdi. Demyanenko, Gede, Ağayevi baş məşqçi təyin edən Hacıyev bu dəfə özü “Simurq”la oyun öncəsi komandadan ayrıldı. “Neftçi” ilə “Simurq”un “altılığ”a düşmək şansının çox olduğunu nəzərə alsaq, onların cari mövsümdə yenə görüşəcəyi gözlənilir. Görəsən, həmin vaxt hansısa dəyişiklər olacaqmı?
0