“Proqnoz vermək yaxşı iş deyil”
24.12.2009 - 16:25
“Proqnoz vermək yaxşı iş deyil”
“Hesab edirəm ki, “Bakı” klubu “Birlik kuboku”nda normal qrupa düşüb. Ancaq istənilən halda, Moskvada asan sınaq olmayacaq və rəqibləri ciddi qiymətləndirmək lazımdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun sabiq baş məşqçisi Valentin Xodukin deyib. “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda Azərbaycanın son təmsilçisi olan “bankirlər” 70 yaşlı ukraynalı mütəxəssisin rəhbərliyi altında yarımfinala kimi irəliləmişdi.

Xodukinin fikrincə, qarşıdakı yarışda “Bakı”ın əsas rəqibi “Aktobe” olacaq. “İnter” məhz Qazaxıstan komandasına yenilərək (0:1), finala vəsiqə qazana bilməmişdi: “Aktobe” nizam-intizamlı komandadır. Heyətində çoxlu səviyyəli, Rusiya Premyer Liqasında böyük oyun təcrübəsinə malik futbolçular var. Mən həmin vaxt “Aktobe”yə qarşı güclü heyəti çıxara bilmədim. Zədəli futbolçularımız çox olduğundan, meydana ehtiyat qüvvəni buraxmalı oldum. “Bakı”nın qrupda son oyununu “Aktobe”yə qarşı keçirməsi məsuliyyəti artırır. Məhz həmin görüşdə hər şey həll oluna bilər və bu səbəbdən qazaxlarla oyuna qədər xal itirmək olmaz”.

Təcrübəli mütəxəssis “Bakı”nın digər rəqibi - Finlandiya HİK-indən ciddi təhlükə gözləmir: “Çünki bu ölkənin klubları Azərbaycan komandalarından zəifdir. Təsadüfi deyil ki, biz Turku şəhərini təmsil edən “İnter”i asanlıqla üstələdik. Bilirsiniz, qışda Finlandiyada mövsümlərarası fasilə olduğu üçün komandalar hazır olmurlar. Tacikistan futbolu isə heç vaxt pis olmayıb. Onlar həmişə sərt oynayıblar. “Bakı” “Vaxş”la görüşdə qətiyyən arxayınlaşmamalı, əksinə ciddi yanaşmalıdır”.

“Bakı”nın qrup mərhələsini uğurla keçəcəyinə inanan Xodukin Rusiya paytaxtında yeni komanda gözləyir: “Məncə, Moskvaya indiki komanda getməyəcək. Yəni qış fasiləsində heyətini gücləndirmək fikrində olan ölkə çempionu yeni transferlər həyata keçirəcək. Bu mənada Rusiya paytaxtında fərqli “Bakı” çıxış edəcək. Mətbuatdan xəbər tutduğuma görə, komandanın maraqlandığı futbolçular səviyyəlidir. Bundan əlavə, Azərbaycanda çempionat uzun gedir və “Bakı” həmin vaxt formada olmalıdır. Düzdür, biz bilmirik ki, rəqiblər, məsələn “Aktobe” həmin vaxt hansı vəziyyətdə olacaq, turnirə hansı futbolçuları gətirəcək. Bu da vacib amildir”.

“İnter”in sabiq çalışdırıcısı Moskva turniri ilə bağlı proqnoz vermək istəməyib: “Çünki proqnoz vermək yaxşı iş deyil. İstənilən halda, “Bakı” ilk növbədə hücum xəttini gücləndirməlidir. Çünki hazırda komandanın hücumu “dişsiz” görünür”.

Qeyd edək ki, “Bakı” qrup oyunlarını 16-19 yanvar aralığında keçirəcək.
0