“Muğan”ın baş məşqçisi hakimlərdən şikayətləndi
24.12.2009 - 17:08
“Muğan”ın baş məşqçisi hakimlərdən şikayətləndi
“Xəzər-Lənkəran”dakı həmkarımın fikri ilə razıyam. Həqiqətən də bu gün baxımlı oyun oldu. Meydanda maraqlı mübarizənin şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Salyanın “Muğan” klubunun baş məşqçisi Almir Hurtiç Unibank Premyer Liqasının XVII turunda bu gün “Xəzər-Lənkəran”la ev oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

İlk dəfə Lənkəran təmsilçisinə qarşı mübarizə aparan bosniyalı mütəxəssis rəqiblə indiyə qədər baş tutan görüşlərdə həmyerlisi Kemal Alispahiçin köməkçisi olub. Hurtiçin fikrincə, “Xəzər-Lənkəran”la uduzmaqlarının (1:2) bir neçə səbəbi var. O, daha çox hakimlikdən narazı qalıb: “Birincisi, meydançanın vəziyyəti öz sözünü dedi. Qazon yağışdan sonra pis duruma düşmüşdü. Eyni zamanda, əlavə kənar amillərin də təsiri oldu. Bu da ilk növbədə hakimliklə bağlı idi. Baş hakim birbaşa oyuna müdaxilə edirdi. Hərçənd “Xəzər-Lənkəran”ın buna ehtiyacı yoxdur. O, Azərbaycanda 2-3 ən yaxşı klubdan biridir. “Xəzər-Lənkəran”ın heyətində səviyyəli futbolçular çoxdur. Mən onların əksəriyyətini tanıyıram. Fikrimcə, hakim belə görüşlərdə oyuna müdaxilə etməməlidir. Onsuz da “Xəzər-Lənkəran” güclüdür və kənar amillərin təsiri olmamalıdır”.

Qeyd edək ki, “Muğan” - “Xəzər-Lənkəran” oyunu Əmrah İbrahimovun başçılıq etdiyi hakimlər briqadası idarə edib.
0