“Bu vaxta qədər belə şey olmamışdı”
24.12.2009 - 18:09
“Bu vaxta qədər belə şey olmamışdı”
“İli son pillədə başa vurmaq mənə çox pis təsir etdi. Nə “Karvan”ın tarixində, nə də məşqçilik karyeramda belə şey olmuşdu. Bunun şahidi olmaq üzücüdür”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Unibank Premyer Liqasının 2009-cu il üçün son turunda Sumqayıtda yerli “Standard”ın qonağı olan “Karvan” prinsipial görüşdə uduzub (0:1). 44 yaşlı Hüseynov keçmiş komandasından ağır zərbə alıb. Sumqayıtlılar qazandıqları qələbə sayəsində həm “Karvan”la şəxsi oyunlarda, həm də turnir cədvəlində üstünlüyə yiyələniblər. Hüseynov belə vəziyyətlə üzləşdiyinə görə dilxor olduğunu gizlətməyib: “Standard”la oyunda qol şanslarımız olsa da, futbolçular bundan yararlana bilmədilər. Heyətimizdə çox dəyişiklər olacaq. Gələn il fikirləşib, mövsümün qalan oyunlarına hazırlaşacağıq. “Karvan”dan gedən futbolçuların adları yaxın günlərdə bilinəcək. Yeni transferlər bağlı hələ bir şey demək olmaz. Buna vaxtımız var. Baxışa çağırdığım əcnəbi futbolçulardan kimisə götürmədik. Onların heç birini bəyənmədiyim üçün geri qaytardıq. Komandamız istirahətə buraxıldı və yanvarın 5-də hazırlığımızı bərpa edəcəyik”.

Qeyd edək ki, “Karvan”la “Standard”ın ilk dövrədə Yevlaxda keçirilən oyunu 2:2 hesabı ilə nəticələnmişdi.
0