“Bakı”nın rəqibində söz sahibi prezidentdir, yoxsa baş məşqçi?
25.12.2009 - 10:23
“Bakı”nın rəqibində söz sahibi prezidentdir, yoxsa baş məşqçi?
“Komandanın qarşısına ənənəvi vəzifələr qoyulub. Bütün yarışlarda mümkün qədər uğurlu çıxış etmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın “Aktobe” klubunun prezidenti Vasili Yurçenko deyib.

2010-cu ilin yanvarında keçiriləcək “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində Azərbaycan təmsilçisi “Bakı” ilə eyni qrupda yer alan qazaxıstanlılar nikbin əhval-ruhiyyədədirlər. Yurçenko bildirib ki, qarşıdakı yarışda hədəf baş mükafata sahib çıxmaqdır: “Uğur qazanmaq istədiyimiz turnirlərdən biri də “Birlik kuboku”dur. Moskvaya qələbə üçün gedirik”.

Maraqlıdır ki, bir neçə gün öncə “Aktobe”nin baş məşqçisi Vladimir Muxanov tam fərqli açıqlama vermişdi. O, “Birlik kuboku”na ciddi əhəmiyyət vermədiklərini, əsas məqsədlərinin Qazaxıstan çempionatında və Asiya Çempionlar Liqasında uğur qazanmaq olduğunu bildirmişdi.

Qeyd edək ki, “Bakı” və “Aktobe” arasında matç yanvarın 19-da keçiriləcək.
0