Xodukin: “Bakı”nın maraqlandığı futbolçuya görə çox pul istədilər
25.12.2009 - 11:03
Xodukin: “Bakı”nın maraqlandığı futbolçuya görə çox pul istədilər
“Bakı”nın maraqlandığı legionerlər arasında mənə tanış olanlar da var. Bu mənada moldovalı yarımmüdafiəçi İqor Sıqırlaşı qeyd edə bilərəm. Latviyanın “Ventspils” klubunda çıxış edən bu futbolçunu mən də transfer etmək istəyirdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun sabiq baş məşqçisi Valentin Xodukin deyib.

Moldovada bu il ən yaxşı futbolçulardan sayılan, mili komandasının üzvü olan İqor Sıqırlaş “Bakı”nın maraq dairəsindədir. Son ölkə çempionu Avroliqada çıxışını üzlədiyi 25 yaşlı orta sahə oyunçusunu Türkiyədə hazırlıq keçdiyi zaman baxışa çağırmaq fikrindədir. Xodukinin fikrincə, Sıqırlaş hələ ötən qış ölkəmizə gələ bilərmiş: “Onunla həqiqətən də ciddi maraqlanırdıq. Danışığımız olmuşdu və keçidin baş tutması real idi. Elə “Birlik kuboku”ndan sonra Sıqırlaşı transfer etmək istəyirdik. Ancaq danışıqlar həlledici mərhələyə gəlib çıxmadı. Çünki sonra İqora görə çoxlu pul istədilər. Bu da maddi maraqlarımıza uyğun gəlmədiyi üçün transfer baş tutmadı”.

Xodukin Sıqırlaşı səviyyəli, “Bakı”nı gücləndirə biləcək futbolçu sayır. Transfer məsələlərinə həssaslıqla yanaşan 70 yaşlı ukraynalı mütəxəssis bahalı legionerlərin dalınca düşməyin tərəfdarı deyil: “Mən həmişə ucuz oyunçular götürmüşəm. Özü də bunlar yaxşı futbolçular olub. Mənim vaxtımda “İnter”ə transfer olunan uruqvaylı Valter Quqlemon, latviyalı Andrey Rubin, çexiyalı Bronislav Çervenka, braziliyalı Danildo Assioli belə futbolçular sırasındadır. Onlar havayı başa gəlmişdilər, transferləri Azərbaycan səviyyəsində çox ucuz idi. Belə futbolçular indiyə kimi Azərbaycanda öz oyunu ilə seçilirlər”.

Qeyd edək ki, “İnter” Xodukinin rəhbərliyi altında keçən il çempion olsa da, ötən mövsüm “Bakı”dan geri qalaraq, gümüş medalla kifayətləndi.
0